Xarici risk və çağırışlara qarşı Çin və Rusiya enerji əməkdaşlığı

29 Noyabr 2022 20:16 (UTC+04:00)

Çin dövlət başçısı Si Cinpinq yaşıl və təmiz enerjinin inkişafı mövzusunda Rusiya ilə əməkdaşlıq etmək istədiklərini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Moskvada keçirilən IV Çin-Rusiya Enerji Ticarət Forumuna təbrik məktubunda S.Cinpinq enerji sahəsində əməkdaşlığı ikitərəfli əlaqələrin mühüm təməl daşlarından biri kimi qiymətləndirərək bildirib: “Çin və Rusiyanın xarici risk və çağırışlara qarşı yaxın koordinasiyanı gücləndirməsi və mühüm layihələri birlikdə həyata keçirmələri mövcud əməkdaşlığın gücünü göstərir. Bu vəziyyət həm də iki ölkə arasında hərtərəfli strateji əməkdaşlığın geniş perspektivini ortaya qoyub.

Çin enerji əlaqələrini daha da yaxınlaşdırmaq, təmiz və bərpa olunan enerjinin inkişafını təşviq etmək, beynəlxalq enerji bazarlarının uzunmüddətli davamlı inkişafına töhfə vermək və beynəlxalq enerji təhlükəsizliyini və təchizat zəncirinin sabitliyini qorumaq üçün Rusiya ilə işləmək istəyir.”

Qeyd edək ki, elektrik enerjisi istehsalında dünyada 30 faiz payla Çin birinci yerdədir. 2022-ci ilin mart ayında yaydığı “14-cü 5 illik inkişaf planı”na görə, elektrik enerjisi istehsalında təxminən 28 faiz bərpaolunan enerji payını 2025-ci ilə qədər 33 faizə, günəş və külək enerji gücünü isə 2030-cu ilə qədər 1,2 teravatt gücündə artırmağı planlaşdırır.