"2023-cü il Azərbaycan xalqı üçün yaddaşlarda daim xüsusi anlarla yaşayacaq" DEPUTAT ŞƏRH ETDİ

29 Noyabr 2022 16:40 (UTC+04:00)

"2023-cü il Azərbaycan xalqı üçün yaddaşlarda daim xüsusi anlarla yaşayacaq. Bildiyimiz kimi qarşıdan gələn il liderlik təcrübələri ilə Azərbaycan xalqına öndərlik etmiş Heydər Əliyev kimi dahi şəxsiyyətin anadan olmasının 100-cü ildönümüdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev" ili elan etməsi heç də təsadüfi deyil: “Qarşıdan gələn ildən gözləntilərimiz çoxdur. 44 günlük tarixi zəfər yürüyüşümüz məhz qəhrəmanlıq səlnamələri ilə yadda qalaraq və uğurla başa çatdı. Qarabağ 30 ildən sonra düşmən tapdağından azad edildi. Əminik ki, Ümummilli liderimizin ruhu da şaddır. Əlbəttə ki, böyük bir fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Qarabağın dirçəldilməsi, yenidən qurulması, çiçəklənməsi, abadlaşdırılması, soydaşlarımızın sağ-salamat yurdlarına geri dönmələri ilə bağlı bütün infrastruktur çalışmalarının həyata keçirilməsi bu gün də davam etdirilir. Bölgənin ən böyük təhlükə mənbəyi olan minalardan təmizlənməsi ilə bağlı Azərbaycan dövlətinin həyata keçirtdiyi çoxşaxəli siyasət və atdığı addımlar 2023-cü ildə də uğurla davam edəcək. Bu istiqamətdə dövlətin açıqladığı platformaya və layihələrə baxdığımızda biz bunun canlı şahidi ola bilərik. Əminəm ki, Azərbaycanı sevən, gücünü, qüvvətinin daha da inkişafının yanında olmasını arzu edən hər bir şəxs əlbəttə ki, "Heydər Əliyev" ili çərçivəsində də əlini daşın altına qoyaraq dövlətimizin daha da güclənməsinə hər tərəfli dəstək verəcək".