Sən ki gözəl deyilsən... - BAXIŞ BUCAĞI

29 Noyabr 2022 16:35 (UTC+04:00)

Gözəllik elə bir anlayışdır ki, onu dilinə gətirən zaman gözlərin önündə yalnız gözəl olan şeylər canlanır. Və yaxud gözəllik elə bir görüntüdür ki, onu görən kimi munis duyğular ruhuna hakim kəsilir. Odur ki, biz insan övladı gözəl olmaq, gözəl görünmək istəyirik. Əksər hallarda gözəl sözlər danışmasaq da, lakin gözəl görünməyi çox istəyirik. Hansı ki, gözəl görünməklə gözəl danışmağın harmoniyası dünyanı xilas etmək iqtidarındadır. Belə isə həm gözəl görünək, həm də gözəl danışaq. Gözəl danışmaq da, gözəl görünmək də öz əlimizdədir. Danışmaq istəsək, danışarıq. Ağzımızı açmağımızla hər kəsi o gözəlliyin tamaşaçısına çevirə bilərik.

Bəs gözəl görünmək neçə? Bəli, bu da bizim öz əlimizdədir. Sadəcə nə etməli olduğumuzu bilməliyik. Təəssüf ki, gözəl görünmək üçün bəzən elə səhvlərə yol veririk ki, o bizim gözəlliyimizə yox, çirkinliyimizə, xoşagəlməz görüntü almağımıza gətirib çıxarır. Bu səbəbdən də gözəlliyimizi belə qurbanlara çevirməyək...

Allahın yaratdığı bəndə

Bəli, hər kəs Allahın yaratdığı, yer üzərinə gəlməsini əmr etdiyi bəndədir. Allahın məsləhəti ilə gözəl, yaraşıqlı da yarana bilirik, bir qədər əksinə də. Lakin çirkin insan yoxdur, gözəllik insanın daxilindədir, deyimləri ilə çox razılaşıram. Həqiqətən də çirkin insan, xüsusilə də qadın yoxdur. Lakin baxımsız qadın, həmçinin də kişi var. Yoxsa hər kəsin gözəl bir tərəfi var. Həm xarici görünüşdə, həm də danışıqda.

Lakin zamanla nədənsə biz öz gözəlliyimizlə, Allahın bizə məsləhət bilib bəxş etdikləri ilə kifayətlənmirik. Belə ki, dünyamızın müasirləşməsi bəlli məsələdir. İllər bir-birindən fərqli gəlir. Həyatımıza yeniliklər daxil olur. Texnologiyalar inkişaf edir, tibb elmi inkişafın zirvəsinə qalxır. Bütün bunlar isə insan həyatından təsirsiz ötmür. Texnologiyanın inkişafı ilə hələ illər öncə insanlar bütün dünya ilə tanış oldular. Dünyanın yeniliklərini bir anın içindəcə evlərinin içərisinə, əllərindəki telefonlara gətirdilər. Beləliklə də bütün dünyada olanlarla, tibbi, kosmetik yeniliklərlə, mümkünsüz olmayanların hər biri ilə tanış oldular. Və bir də gördük ki, həmin yeniliklərin hər biri, budur ölkəmizdə, qapımızın ağzındadır. Biz nə etdik? Başladıq həmin yeniliklərdən istifadə etməyə. Başladıq Allahın bizə məsləhət bilib verdiyi orqanlarımıza düzəlişlər etməyə. Söhbət estetik əməliyyatlardan və kosmetik toxunuşlardan gedir.

Bəzi insanlar, əsasən də orta yaş qrupunda olanların əksəriyyəti bu fikirdədirlər ki, Allah səni necə yaradıbsa, ömrünün sonunadək o cür də qalmalısan. Daha doğrusu, necə doğulmusansa, elə də ölməlisən. Lakin çoxları da bu fikirdə deyil. Çünki indi mümkün olanların heç biri əvvəlki illərdə mümkün deyildi. Onlar da həmin mühitdə yaşadıqları üçün indiki mümkünlərlə barışa bilmirlər. Lakin eybəcər bir burun bir qızın taleyinə mənfi təsir göstərirsə, onunla heç kim bu görüntü üçün ailə qurmursa, o burnu əməliyyatla formaya salıb həmin qızın həyatındakı maneəni aradan qaldırmaq heç də pis iş deyil.

İstər qız, istərsə də oğlan olsun, sızanaqla dolu üzü ilə insanlardan utanır, çəkinir, çox halda depressiyaya qapılır. Bünu aradan qaldırmaq üçün müəyyən kosmetik müalicələr əgər yaxşı nəticə verirsə, o sifət nə üçün əvvəlki kimi qalmalıdır?

Saçlarımızdakı kəpək və yaxud başımızın hansısa bir hissəsində keçəlləşmə bizi utandırırsa, nə üçün onu aradan qaldırmayaq. Və yaxud da mümkün olan təqdirdə üzümüzdəki qırışlardan nə üçün yaxa qurtarmayaq? Düşünürəm ki, oxucularımız da bizimlə razılaşar ki, bəli, bütün estetik əməliyyatlar və kosmetik toxunuşlar lazımdır, bəzi halda isə vacibdir. Lakin məsələnin digər tərəfi- lazımsız əməliyyatlar, gərəksiz dolğular qətiyyən lazım deyil. Bu, birinci, insan sağlamlığına ziddir. İkinci, uğursuz olma təhlükəsi var ki, bizi gülünc vəziyyətə sala bilər. Belə olanda biz Allah bəndələrini nə gözləyir?..

Bəndə düşən Allah bəndələri

Beləliklə də biz Allahın bəndələri ola-ola işini bacarmayanların, işinin sahibi olmayanların bəndinə düşürük. Özümüzü çirkin bilib gözəlləşdirməyə çalışdığımız təqdirdə böyük vəsait sərf etməyimizə baxmayaraq əvvəlkindən də bərbad vəziyyətə düşürük. Məsələn, qarşılaşdığım faktlardan bir neçəsi haqqında danışmaq istəyirəm. Yaxın tanışlarımızdan birinin qızının burnu anadangəlmə xoşagəlməz vəziyyətdə idi. Bütün qohumlar, yaxınlar qızın valideynlərinə məsləhət bildilər ki, bu burun hökmən əməliyyat olunmalıdır. Çünki qız burnundan utanır, xəcalət çəkirdi. Böyüdükcə tamamilə özünə qapılırdı. Sual olunur, əgər yaşadığımız dövrdə bu, mümkündürsə, həmin qızı depressiyadan çıxarmaq olarsa, nə üçün olmasın ki? Bunu onun valideynləri də qəbul etdilər və övladlarının burnunun əməlyyat olunmasını planlaşdırdılar. Beləliklə qız əməliyyat olundu, lakin nəticə yaxşı olmadı. Əməliyyatı məşhur həkimlərdən birinin etməsinə baxmayaraq əvvəlki burunla yeni burun arasında azacıq fərq hiss olundu. Deməli, bu işdə heç də bütün həkimlərə ümid etmək olmaz. Onlar lazım olan məbləği yaxşı almağı bacarır, lakin gördükləri işin pis nəticəsini bizlə bağlayırlar: ay nə bilim dəridə, ay nə bilim sümükdə problem var, nə edim, belə alındı.

Və yaxud, bu günlərdə küçədə bir qadınla rastlaşdım. Təsadüfən başımı qaldırıb üzünə baxanda, “Bismillahir rəhmanir rəhim”,- dedim. Elə xoflandım ki, bədənim əsməyə başladı. Qadının dodaqları üzünün dörddə iki hissəsini əhatə edirdi. Bir anlığa düşündüm ki, İlahi, yazıq, buna nə olub belə, görəsən? Lakin daha bir nəzər saldığımda bu dodaqlara dolğu vurulduğunu açıqca anladım. Burada iki variant var: ya qadın dəbdir deyib, özü istəyib dodaqlarını bu günə saldırıb, ya da müraciət etdiyi kosmetoloq –işinin sahibi olmayan kosmetoloq onu bu günə qoyub. Heç inana bilmırəm ki, hansısa bir qadın özünü belə eybəcər vəziyətə salamağa çalışa. Sadəcə bir qədər dolğu istəyib, lakin düzgün ünvan, düzgün həkim seçmədiyindən bu günə qalıb.

Bu yaxınlarda metroda bir qadınla rastlaşdım. Qaşları kənardan çağırırdı ki, mən uğursuz bir kosmetoloqun uğursuz bir işiyəm. Vallah, mən həyatda elə qaş görməmişdim. Rəngi açıq bənövşəyi idi. Quruluşu da, necə deyərlər, qaşlar kamana dartılmışdı misalı kimi. Bu deyim təbii gözəllərimiz üçün deyilib, düzdür. Gördüyüm bu qaşlar da kamana dartılmışdı, amma ikiqat kamana. Ümumiyyətlə, son vaxtlar bu qaş məsələsi çox dəbdədir. Təsadüfi qadın tapılar ki, öz qaşını daşısın. Əksər qadınlarımız isə saxta qaşlarla özləri üçün gözəllik yaradırlar. Əslində buna gözəllik demək olarsa. Bu qaşların ya rəngində, ya qalınlığında, uzunluğunda elə bir səhvə yol verilir ki, vallah, məəttəl qalırsan. Lakin onu da vurğulayaq ki, uğurlu qaşlar da var. Kənardan heç də saxtalığı hiss olunmayan qaşlar. Belə olan təqdirdə qaşları nazik, əyri-üyrü olan qadınlar belə yaxşı ustalara müraciət edə bilərlər, təbii ki. Lakin necə deyərlər, elə bir dövrə gəlib çıxmışıq ki, indi qaşı gözəl olan da, çirkin olan da, hamı Allahın verdiyini silib, yenisini çəkdirir.

Son vaxtlar ceyrangöz qadınlarla da qarşılaşırıq. Sözün həqiqi mənasında, işini yaxşı bilən həkimlərimiz var, yaxşı da əl işləri var. Amma görünür bütün bunların əksi olan həkimlərimiz də var ki, qadınları bu vəziyyətə salırlar. Bilmirəm bu gözü hara dartırlar, haradan asırlar, lakin baxırsan ki, qaş kama çəkilib, altında da göz onunla birlikdə kamdadır. Bax, burnu anladıq, qırışları, sızanaqları, keçəlliyi də anladıq, gözlərin ceyran gözünə bənzədilməsini anlamaq mümkün deyil axı. Bu göz durub da yerində, niyə onu dartıb kamana çəkməliyik ki. Həm də işini bilməyən həkimin əli ilə. Nəticədə isə gözlərimiz ceyranın yox, zürafənin gözlərinə oxşayır.

Bunu niyə edirlər, bilmirəm. Onlara baxarkən adam istər-istəməz öz-özünə bu cümləni söyləmiş olur...

Sən ki gözəl deyilsən...

Bəli, yuxarıda da qeyd etdik ki, elə ki, texnologiyalar həyatımıza yol açdı, müasirlik qapılarımızı döydü, biz başladıq onlardan yetərincə istifadə etməyə. Həm də ehtiyacımız olduğu və olmadığı halda. Öyrəndiklərimiz və ya başımıza yeridilənlər, sözün həqiqi mənasında, zamanla bir dəbə çevrildi. Bizlər də dəblərə meyilli olduğumuzdan, təbii ki, bunların hər birini böyük həvəs və şövqlə həyatımıza daxil etdik.

Təlabat artdıqca, qadınlarımız öz gözəlliklərini silib yeni bir gözəlliyin ardınca getdikcə, heç bir tibbi təhsili, təcrübəsi olmayan insanlar da bir “obyekt” açıb başladılar insanlara “gözəllik” paylamağa. Yaxşı həkimlərimizdən fərqli olaraq onlar bu prosedurları daha ucuz qiymətə, ucuz preparatlarla etdikləri üçün əksər qadınlarımız onlara müraciət etdi. Nəticə isə bu gün göz qabağında gördüklərimiz oldu. Gördük ki, bu qadın dünən bu günkündən daha gözəl, təbii idi. Gördük ki, bu qaş bu qadına əsla yaraşmayıb. Gördük ki, bu burun üçün bu qədər xərc çəkməyə dəyməzmiş, çünki heç bir dəyişiklik olmayıb. Gördük ki, bu dodaqlar ətrafa qorxu saçır. Gördük ki, səhv dolğu bu qadının üzünün bütün mimikasını dəyişib, o bizim tanıdığımız qadın deyil. Gördük ki, bu gözlər heç də ceyranın gözlərinə oxşamır, bilmədiyimiz, qarşılaşmadığımız bir göz formasıdır.

Bütün gördüklərimizin fonunda isə deyə bilərik ki, özünüzü bu vəziyyətə salmayın, əziz qadınlar. Pulunuzu sizi gözəlləşdirən deyil, çirkin görkəmə salan həkimlərə verməyin. Deməyin ki, bu cür qaşlar, bu cür gözlər indi dəbdədir, məndə də olmalıdır. Unutmayın ki, ən yaxşı dəb bizə yaraşandır. İnanın, bəlkə də kimlərsə sizin könlünüzün xoş olması üçün, “ay nə yaman gözəl olmusan”,- deyirlər. Lakin inanın kənardan özünüz özünüzə baxsanız “sən ki gözəl deyisən”,- deyərsiniz...

Gözəlliyə, gözəlləşməyə doğru həmişə düşünülmüş və düzgün addım atmağınız diləyilə...

Mətanət Məmmədova