"YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs gətirib" - DEPUTAT ŞƏRH ETDİ

29 Noyabr 2022 16:18 (UTC+04:00)

“Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranması tarixi-21 noyabr 1992-ci il ictimai-siyasi və fikir dövrümüzün ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqin inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdabına sürükləndiyi Azərbaycanda YAP xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevirildi. Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirdiyi kimi, ulu öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma, Konstitusiya yox idi. Məhz, o dövrdə dövlətçiliyin əsasları qoyulmuş, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Ulu öndərin sayəsində beynəlxalq təcrid, o cümlədən, informasiya blokadası aradan qaldırıldı”. Bu fikirləri SİA-ya açıqlaması zamanı Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq təhlükəsinin qarşısını aldı: “Ulu Öndər ölkəmizə sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. 30 illik zaman göstərdi ki, Yeni Azərbaycan Partiyası yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Deputat diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün Azərbaycanın çağdaş tarixinin yeni, şanlı səhifələri yazılır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Artıq, biz Yeni Azərbaycan Partiyasının ildönümlərini torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi bir dövrdə qeyd edirik. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan dövləti, Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Regionda fərqli geostrateji reallıqlar yaradan ölkəmiz üçün yeni bir dövr - quruculuq dövrü başlayıb. Bu gün artıq işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb”.