Laçın əzəli Azərbaycan torpağıdır ŞƏRH

29 Noyabr 2022 15:58 (UTC+04:00)

Məlum olduğu kimi, 1980-ci illərin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək, yenidən Azərbaycanın o dövrdə “Dağlıq Qarabağ” adlanan bölgəsinə ərazi iddiaları irəli sürdülər. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların Moskvadakı himayədarları vilayətin iqtisadi geriliyi pərdəsi altında “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə kütləvi mitinqlər və davamlı tətillər təşkil etdilər. Lakin baş verən sonrakı hadisələr Ermənistanın əsas məqsədinin Azərbaycana qarşı yenidən ərazi iddiasında olduğunu göstərdi. SSRİ hökumətinin, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistana himayədarlıq etməsi səbəbindən hadisələr getdikcə mürəkkəbləşdi və hər iki respublika müharibə vəziyyətində qarşı-qarşıya dayandı. Moskvanın hakim dairələrində ermənilərin müdafiə olunması və Azərbaycanın o zamankı respublika rəhbərliyinin bütün bu hadisələrdə seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da genişlənməsinə gətirib çıxartdı ki, bu da azərbaycanlıların öz yurdlarından kütləvi surətdə çıxarılması ilə nəticələndi. SSRİ süqut etdikdən sonra isə ermənilər və onların havadarları “Dağlıq Qarabağ” məsələsini öz maraqları çərçivəsində beynəlxalq əhəmiyyətli problemə çevirmək üçün genişmiqyaslı kompaniyanın yeni mərhələsinə başladılar. Bununla parallel Azərbaycan Respublikasında siyasi hərc-mərclik hökm sürməsi işğalçıların öz çirkin əməllərini həyata keçirmələrinə şərait yaratmışdır.

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və sənədlər qəbul edilərkən Şuranın daimi üzvləri olan böyük dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və mahiyyətinin qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü "Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi qiymətləndirilmişdir. Şuranın daimi üzvləri münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə kimi baxırdılar.Azərbaycanda yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan hərbi təcavüzünü daha da genişləndirdi. 1992-ci ilin may ayının 8-də Şuşanın işğalından sonra kritik həddə daxil olan siyasi mübarizə faktiki olaraq Azərbaycanın Ermənistanla həmsərhəd olan ərazilərini müdafiəsiz qoymuşdu. Belə bir vaxtda Laçın rayonu da kifayət qədər ciddi təhlükə qarşısında qalmışdı. Könüllü dəstələrin müdafiə qabiliyyətinə malik olmamaları, digər tərəfdən ərazilərdən hərbi dəstələrin çıxarılaraq Bakıda siyasi hakimiyyət uğrunda mübarizə üçün istifadə məqsədi ilə gətirilməsi, son nəticədə Laçının işğalına səbəb oldu. Faktiki olaraq Laçının işğalı separatçı, terrorçu bölgənin Ermənistanla tam əlaqələrinin qurulmasına və bundan sonrakı proseslərdə Azərbaycanın da əks-hücum imkanlarının kifayət qədər azalmasına zəmin yaratmışdı. Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də “AXC-Müsavat” cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın “AXC-Müsavat” cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. “AXC-Müsavat” cütlüyünün hakimiyyəti isə Laçını nəinki işğaldan azad edə bilmədi, əksinə, digər torpaqlarımız da erməni işğalına məruz qaldı.

İşğaldan dərhal sonra rayondakı tarixi abidələr ermənilər tərəfindən məhv edildi. Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar dağıdıldı. Rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoç və at fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlandı, bir qismi isə məhv edildi. Laçın Dövlət Tarix-Diyarşünaslıq muzeyinin binası, 10 mindən artıq eksponatı məhv edildi və və aparılması mümkün olanlar isə Ermənistana daşındı. İşğalın sonrakı illərində Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silindi, abidənin üzərində erməni dilində 26 ədəd saxta “tarixi” lövhə yerləşdirildi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Xüsusi olaraq qeyd edək ki, o dövrdə eləcə də özünün Azərbaycandan birinci hakimiyyət dövründə olduğu kimi, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev həm ikinci dəfə hakimiyyətə gəlməmişdən əvvəl və sonra məhz etnik təmizləmə, təcavüz, soyqırım, erməni millətçiliyi məsələlərinin əsil köklü mahiyyətini açmış və ermənilərin Qarabağdakı o dövr üçün mövcud vəziyyətinə və erməni vandallarının “birləşmək arzularına” siyasi-hüquqi qiymət vermişdi. Dünya ictimaiyyətinə ermənilərin terrorçuluq, işğalçılıq siyasətinin əsl mahiyyətini göstərmişdi.19 il sonra XXI əsr Azərbaycanının islahatçı, lider Prezidenti, həm də xilaskar strateq, Ali Baş Komandan və Vətən müharibəsinin diplomat sərkərdəsi ulu öndər Heydər Əliyevin başladığı diplomatik yolu, Prezident İlham Əliyev davam etdirdi. Prezident ilk öncə bu illərdə güclü ordu-güclü dövlət-güclü iqtisadiyyat strategiyası ilə vəhdətdə, azərbaycançılığa söykənən güclü xalq və kreativ, intellektual Azərbaycan vətəndaş formulasında xalqın milli mənafeyini qorumağa, Azərbaycanda yaşayan bütün xalqların birgəyaşayış həyat tərzinə hörmət amilini formalaşdırdı. Bu, ulu öndər Heydər Əliyev ideoloji məktəbinin siyasi-strateji və məntiqi yekunudur. Nəticədə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsində Şanlı Qələbə və regiondan Azərbaycanın diqtəsi ilə yeni reallıqlar formalaşadı. Ermənistan 2020-ci ilin noyabr ayının 10-da birgə bəyanata imza çəkməklə məğlubiyyətini və kapitulyasiya etməsini qəbul etdi.

2020-ci ilin noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Laçın rayonu Ağdam və Kəlbəcər rayonları kimi heç bir itki vermədən işğaldan azad edildi. Məlum olduğu kimi, noyabrın 10-da imzalanmış üç tərəfli birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu.Qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək. Beləliklə, son da bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu əzəli və tarixi torpaqlarımızı özümüzə qaytardı. Qoy bütün dünya bilsin ki, Qarabağ Azərbaycandır! və bu, əbədi olaraq da belə olacaq.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi