DSX Azərbaycandan Rusiyaya keçmək istəyən pakistanlılar barədə məlumat yayıb

29 Noyabr 2022 15:50 (UTC+04:00)

Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

DSX-dən SİA-ya bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.