Yuxu rejiminin pozulması bütün orqanizmdə öz təsirini göstərir - PSİXOLOQ DANIŞDI

29 Noyabr 2022 15:19 (UTC+04:00)

“Yuxu rejiminin pozulmasının əsas səbəblərindən biri psixoloji gərginlik olur. Təbii ki, yuxu ilə insanın əsəb sistemi birbaşa bağlıdır. Xüsusilə isə gecə yuxusu çox önəmlidir. Bəzən insanlar düşünürlər ki, gecə yatmayıb əvəzinə günorta yatdıqda yuxularını ala bilərlər. Lakin bu çox yanlış fikirdir. Çünki gecə yuxusunu heçnə əvəz edə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, gecə yuxusu zamanı beynin ifraz etdiyi hormonlar, o rahatlıq hissini gün ərzində başqa bir saatda olan yuxu əvəz edə bilmir: “Gecə yuxusunu tam ala bilməyən insanlar, gün ərzində yorğun, əsəbi və iş fəaliyyətində çox zəif olurlar. Eyni zamanda az da olsa qavramada da ləngimələr müşahidə olunur. Bu zaman əsas önəmli olan yuxusuzluğun səbəbidir. Çünki insanın gecə yata bilməməsi əsəb xəstəliyi, psixoloji pozuntular və ya müvəqqəti bir hal kimi qiymətləndirilir. Düzdür bəzən insanlar, xüsusilə də gənclər əyləncə məqsədilə, yəni bilərək yuxusuz qalırlar. Lakin bunu davamlı edərək, adət halına gətirib gecə yuxusundan olmaq orqanizmimiz üçün heç də xeyirli deyil. Ola bilər ki, biz gecə yuxusuz qalmağın fəsadsız olduğunu düşünək. Lakin qətiyyən belə deyil. Gecə yuxusunu almayan insanlarda bu problem gec-tez demək olar ki bütün orqanizm üzrə özünü göstərəcək”.