“Cənab Prezidentin çıxışı beynəlxalq aləmdə böyük diqqətə səbəb oldu” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

29 Noyabr 2022 14:52 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin çıxışları təkcə ölkədaxili deyil, eyni zamanda beynəlxalq münasibətlərə də həsr olunur. Onun fikirləri regionun bu günü və sabahı ilə bağlı məsələlərdə çox böyük önəm daşıyır. Bu baxımdan Azərbaycan Prezidentinin bu günlərdə ADA universitetində keçirilən beynəlxalq tədbirdəki çıxışı beynəlxalq aləmdə böyük diqqətə səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə sözlərinə belə davam edib.

Onun sözlərinə görə, cənab Prezident həm ölkədaxili məsələlərə aydınlıq gətirdi, həm Azərbaycan-İran məsələlərinə daha çox prinsipial vacib fikirlər söylədi: “Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Ermənistanın dekonstruktiv mövqeyi barəsində bir daha faktlar ortaya qoydu.

Azərbaycan Prezidentinin Fransa prezidentinin iştirak edəcəyi bir tədbirdə iştirakdan imtina etməsinin özü kiçik bir ölkəni beynəlxalq birlikdə nə qədər böyük bir gücə sahib olmasının növbəti göstəricisi oldu. Azərbaycan bu gün özünün hüquqlarını qoruya bilən bir ölkəyə çevrilib. Azərbaycan bu gün sözünü deyən və ünvanlara çatdıran bir ölkəyə çevrilib”.

Deputat sözlərinə belə davam edib: “Fransa ilə uzun müddət Azərbaycanın yaxşı münasibətləri olub. Amma son dövrdə Fransanın müəyyən dairələrinin elə Fransa prezidentinin özünün də Azərbaycanın tarixinə, Azərbaycanın milli maraqlarına toxunan bir siyasət yeritməsi əlbəttə ki Azərbaycan-Fransa münasibətlərinə çox böyük zərbə oldu. Böyük Britaniya mətbuatı nüfuzlu qonşusunun belə nüfuzdan düşməsi məsələlərini diqqətdən kənarda saxlaya bilməzdi. Bu faktın özü göstərir ki, dünyada ölkələr bir-birinin milli maraqlarına hörmətlə yanaşmalıdırlar.

Dünyanı uzun müddət idarə edən beynəlxalq hüquq normalarının işləməsinə daima diqqət olmalıdır və hamı bu məsələdə dəstək olmalıdır . Böyük Britaniya mətbuatı cənab Prezidentin fikirlərinə diqqət etməklə ilk növbədə yeni müstəqil dövlətlərinin öz hüquqlarını bilməsi və onu qoruya bilməsi Azərbaycan nümunəsini ortaya qoyur”.

Ayşən Vəli