YAP Azərbaycanın alternativsiz siyasi partiyasıdır

29 Noyabr 2022 14:31 (UTC+04:00)

Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirində çox önəmli mesajlarla yanaşı Partiyamızın keçdiyi keşməkeşli 90-ci illərin əvvəli bizlərə bir daha xatırlatdı. Bu xüsusda qeyd etmək lazımdır ki, hər bir dövrün öz çağırışları, tələbləri vardır. Ölkə üçün o tələblərin yerinə yetirilməsi sözsüz ki, iqtidarın fəaliyyətindən, siyasətindən asılıdır. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin xalqımız bu sevinci yaşamaq imkanından məhrum oldu. Bu baxımdan ki, həmin dövrün iqtidarının siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutması Azərbaycanı dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Hansı ki, müstəqillik yollarında ilk addımlarını atan bir dövlətin qarşısında hansı vəzifələrin dayandığı iqtidarı ciddi düşündürməli və həlli yollarını müəyyənləşdirməli idi. Ölkədə ictimai-siyasi durumun gərginliyi, xaos və anarxiyanın baş alıb getməsi, iqtisadi böhran, ən əsası silahlı qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi nəticəsində rayonlarımızın bir-birinin ardınca düşmən Ermənistan tərəfindən işğal olunması xalqın səbir kasasını doldururdu. Sabaha ümidini itirən xalq vəziyyətdən çıxış yolu axtarmaq məcburiyyətində qalmışdı. Belə bir ağır vəziyyətdə 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə xalqın istəyinin ifadəsi olan müraciəti əsasında bu gün ölkənin ictimai-siyasi həyatından aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ideyası gündəmə gəldi. Bu, zamanın tələbi, xalqın istəyi idi. Ulu öndər Heydər Əliyev müraciətə cavabında da YAP-ın yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısında xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini gündən-günə daha da möhkəmləndirərək, xalqın bu partiyanın siyasi-ideoloji xəttinə dəstəyini gücləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin partiyanın II qurultayındakı nitqində söylədiyi “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətlə bağlı bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır” fikri hər bir dövr üçün aktual və dəyərlidir. Milyonların dəstəklədiyi və arxasınca inamla addımladığı Yeni Azərbaycan Partiyası illərin sınağından cəsarətlə çıxaraq, mətinləşərək və qüdrəti ilə fərqlənərək qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə aparır. 1992-ci ildə, o dövrdəki səbatsız hakimiyyətin təsir və təzyiqlərinə baxmayaraq yaranan və xalqı ətrafına toplayaraq ümumxalq partiyasına çevrilən YAP, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədi. Qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Hər hansı bir çətinlikdən çəkinməyərək xalqı öz ətrafında sıx birləşdirən partiyanın lideri kimi bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Sağlam düşüncəli insanların bu partiya ətrafında sıx birləşmələri ölkəni ağır vəziyyətə salan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinə tutarlı cavab oldu. Qüdrətli təşkilat kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında da aparıcı siyasi qüvvə kimi liderliyini əməli fəaliyyəti ilə doğruldur. Müstəqilliyin ilk illərində - 1991-1993-cü illərdə Azərbaycanı məhvə aparan, mənfi istiqamətlərdə cərəyan edən proseslər ölkənin parçalanmasına yönəlmişdi. Xalqın mənafeyinə, dövlətçiliyin möhkəmlənməsinə, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətində xalqın bu inamını əsas götürdü: Azərbaycanda güclü dövlət yaratmalı, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu öndərin ideyasını davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətini dəstəkləməklə bildirdi.

Hazırda Azərbaycan dünya birliyini maraqlandıran ən qlobal layihələrin təşəbbüskarı, iştirakçısı, müəllifidir.30 illik yubileyini biri-birindən əhəmiyyətli uğurları ilə yüksək səviyyədə qeyd edən Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. Təbii ki, 30 ilin uğurlarını bir yazıda qeyd etmək qeyri-mümkündür. Reallıq, eyni zamanda keçilən yolun ümumi ifadəsi budur ki, YAP Azərbaycanı uğurlu gələcəyə aparan partiyadır. Partiyamız təsis edildikdən sonrakı illərdə keçirilən bütün seçkilər YAP-ın alternativsizliyini sübut edir.

Mehman Musayev

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı