YAP xalqa əvəzsiz xidmətlər göstərmiş bir partiyadır

29 Noyabr 2022 14:29 (UTC+04:00)

Xalqımız 2022-ci il noyabr ayının 21-də daha bir önəmli, yaddaqalan, vacib hadisənin şahidi oldu. Paytaxt Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi təntənə ilə qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tədbirdə çıxış edərək 30 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixində özünəməxsus rolundan, müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, ölkəmizin apardığı ədalətli müharibənin dünyaya çatdırılmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərindən danışdı. Müstəqil Azərbaycan Dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda təkrarsız dövlət idarəçilik məktəbinin yaratmasını və onu xalqımız üçün zəngin bir irsə çevirməsini diqqətə çatdırdı. Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabrın 21-dən - Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən götürüb. Bu müddətdə Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərmiş, xalqımızı, millətimizi, ölkəmizi bugünkü vəziyyətə gətirib çatdırmış və Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çevirmişdir. Hər kəs bilir ki, o dövrdə cəmiyyətdə Ulu Öndər Heydər Əliyevə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşdı. Azərbaycan beynəlxalq aləmdə ölkəmizə qarşı olan əsassız mövqeyə düzəlişlər etdi, beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yardı və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.Ölkəmiz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdi, iqtisadiyyatımızın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmasına nail oldu. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. Ulu Öndər Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına xarici sərmayələr ölkəmizə daxil olmağa başladı. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. Atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Möhtərəm Prezidentimizin göstərişləri ilə aparılan islahatlar nəticəsində bu ilin sonuna kimi Azərbaycan xarici borcunun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəkdir. Hazırda bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər. Bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. Əminik ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə ölkəmizə əlavə imkanlar verəcəkdir. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən quracağıq. Prezidetimiz çıxışıda qeyd etdi ki, Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında, milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Xalqımız əmindir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da müstəqil ölkəmizin inkişafı naminə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək və Azərbaycan daha güclü, daha qüdrətli dövlətə çevriləcəkdir.

Çingiz Hüseynov

YAP Qazax rayon təşkilatı

ərazi partiya təşkilatının sədri