Düşmənin vəhşicəsinə dağıtdığı Laçın sürətlə bərpa edilir

29 Noyabr 2022 14:27 (UTC+04:00)

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz düşməni məğlubiyyətə uğradaraq kapitulyasiyaya imza atmağa məcbur etdi. Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində düşmənin mina tarlasına çevirdiyi Ağdam, həmçinin çətin coğrafi relyef və iqlimə malik Kəlbəcər və Laçın heç bir itki vermədən, güllə atılmadan azadlığına qovuşdu. İllərlə düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi möhtəşəm zəfərin nişanəsi, ölkə Prezidentinin dahi siyasətinin nəticəsi idi.44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı sürətlə dirçəltməyə başladı. Prezident cənab İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Laçın da bərpa olunur, cənnətə çevrilir. Qalib Prezidentimiz işğaldan azad edilən Laçında Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandırdı və bir daha dünyaya bəyan etdi ki, bu torpaqların əzəli sahibləri qayıdıblar: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".Digər işğaldan azad edilən rayonların sakinləri kimi Laçınlıların da öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi, rayon ərazində aparılan tikinti-bərpa işləri isə onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma yurdlarına gələn ilin sonuna qədər qayıda bilərlər. "İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək" deyə çıxışında vurğulayan Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb. Bu məqsədlə 2022-ci il dövlət büdcəsindən ilkin olaraq 800 min manat ayrılıb. Onu da qeyd edək ki, Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar vardır. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər.Bəli, Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, indi də eyni qüdrəti nümayiş etdirərək, həmin yurdlara yenidən həyatı qaytarır. Hər ötən gün dədə-baba yurdundan didərgin düşən yüz minlərlə soydaşımışı doğma ocağına daha da yaxınlaşdırır.

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri