O, hər şeydən əvvəl vətən fədaisi idi

29 Noyabr 2022 13:22 (UTC+04:00)

“Bu gün Azərbaycan ədəbi, elmi ictimaiyyəti üçün önəmli günlərdən biridir. Bu gün professor Həsən Mirzəyevin 95 illik yubileyini qeyd edirik. O, mənalı, şərəfli professor həyatı yaşayıb”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı BDU-nun rektoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, Həsən Mirzəyev dilçi türkoloq alim olmaqla bərabər, dəyərli əsərləri ilə Azərbaycanşünaslığa da öz töhfələrini verib: “Həsən müəllimin elmi yaradıcılığında feil bəhsi xüsusi yer tutur.
Ölkəmizi ağır vəziyyətdən çıxarmaq məqsədilə SƏS qəzetində çağırışın yayımlanmasında Həsən Mirzəyev xüsusi rol oynayıb, fəal iştirak edib. Həsən müəllimin yazıları, etdiyi çıxışları bu gün bizim gənc nəsil üçün mühüm rol oynayır.
Eyni zamanda Həsən müəllimin yer adları ilə bağlı araşdırmaları da olduqca önəmlidir.
O, hər şeydən əvvəl vətən fədaisi idi. Dərələyəzin, Naxçıvanın ağsaqqallarından biri idi.
Onun çoxşaxəli elmi, ictimai-siyasi fəaliyyəti xalqımızın xatirəsində hər zaman yaşayacaq”.