" “Heydər Əliyev ili” elan olunması hər kəsin ürəyindən xəbər verir" - MİLLƏT VƏKİLİ DANIŞDI

29 Noyabr 2022 12:07 (UTC+04:00)

Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 noyabr tarixində sərəncam imzalamışdır. Sərəncamda qeyd olunub ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Mövzu ilə əlaqədar olaraq SİA millət vəkili Musa Qasımlının fikirlərini öyrənib.

Millət vəkili qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması hər kəsin ürəyindən xəbər verir: “Çünki həmin ildə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illiyi tamam olacaq. Sərəncama əsasən, Heydər Əliyev ilində bir sıra beynəlxalq toplantılar, sərgilər, idman yarışları keçiriləcək və əsərlər yazılaraq, məqalələr dərc olunacaq”.