"Fransa Azərbaycanla bütün iplərini qopardı" - POLİTOLOQ ŞƏRH ETDİ

29 Noyabr 2022 11:18 (UTC+04:00)

"1997-ci ildən başlayaraq Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinə çevrildi. 23 il ərzində də bu misiyyanı həyata keçirdi. Amma bu dövr ərzində bizim gördüklərimiz ondan ibarət oldu ki, Fransa açıq şəkildə, bəzən isə üstü örtülü şəkildə Ermənistanı qorumağa və dəstəkləməyə davam etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Fransanın Ermənistanı dəstəkləməyinin səbəbləri çoxdur. Fransada olan erməni lobbisinin olmasıda ən böyük səbəblərdən biridir. Eyni zamanda Fransanın türkfobiya və islamfobiyanın təbliğatçısı olması da bu səbəblərdən biridir. Fransanın bu 23 il ərzində sülh danışıqlarını uzatması, Ermənistanın yanında olması həm keçmiş prezident Sarkozinin və digərlərinin həm də ki, indiki prezident Makronun dövründə Azərbaycana qarşı fərqli bir istiqamətdə siyasət yürütdü. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Fransa dəfələrlə Azərbaycanı təcavüzkar kimi göstərmiş və müharibəni saxlamasını söyləmişdir. 2020-ci ildən sonra ATƏT-in də həmsədrliyi imkanları dağıldı. Fransa bundan sonra neylədi? Öz parlamentində Azərbaycanın Qarabağ bölgəsində "qurum"u dövlət kimi tanıdı. Bununla da Fransa Azərbaycanla bütün iplərini qopardı. Daha sonra isə Fransa tərəfindən Azərbaycana qarşı təhdidlər olmuşdur. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu təhdidlərə cavab verilmişdir. Fransanın əsas məqsədi heç də Azərbaycanla dostluq münasibətləri və yaxud da beynəlxalq tərəfdaşlıq münasibətlərinin formalaşması deyil, tam əksinə düşmənçilik siyasəti yeritməsidir".