İctimai-iaşə obyektlərində yanğınlar daha çox hansı səbəblərdən baş verir? - QURUMDAN AÇIQLAMA

29 Noyabr 2022 14:20 (UTC+04:00)

Bildiyimiz kimi, ölkəmizdə ən aktual problemlərdən biri də ictimai-iaşə obyektlərində baş verən yanğınlardır. Bəs, bu yanğınlar daha çox hansı səbəblərdən baş verir? Mövzu ilə bağlı SİA-nın sorğusuna Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən cavab verilib.

Qeyd edilib ki, 2022-ci ilin ötən dövrü ərzində ictimai-iaşə obyektlərində baş vermiş yanğın hadisələrinin təhqiqatının nəticələrinə əsasən sözügedən obyektlərdə elektrik avadanlıqlarının quraşdırılması, texniki istismar qaydalarının pozulması və məişət elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasından 39, qəsdən yandırma faktlarından 8, sobaların istismarı və düzgün quraşdırılmaması səbəbindən 7, siqaret çəkilməsi zamanı ehtiyatsızlıqdan 2, yanacaqla işləyən məişət cihazlarının istismarı zamanı qaydaların pozulmasından 1, partlayış səbəbindən 1 və digər səbəblərdən isə 3 yanğın faktı qeydə alınmışdır. Statistik rəqəmlərdən göründüyü kimi əsasən yanğın hadisələrinin baş vermə səbəbləri elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarının payına düşür.

Xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının (01-2001) 6.1-ci bəndinin tələblərinə əsasən elektrik qurğuları istehlakçılar tərəfindən elektrik qurğularının istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərin tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməlidir.

Ayşən Vəli