Kimə deyirsən?

28 Noyabr 2022 22:13 (UTC+04:00)

Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.

Cari ilin noyabrın 28-də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR!