Rusiya İranla avtomobil tədarükü ilə bağlı razılığa gəlib

28 Noyabr 2022 21:36 (UTC+04:00)

Rusiya İrandan indi də avtomobil alacaq. Belə ki, ölkələr anlaşma memorandumunun bir hissəsi kimi avtomobillərin tədarükü barədə razılığa gəliblər. SİA-nın əldə etdiyi məlumata görə, İran Avtomobil Ehtiyat hissələri İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmməd Rza Nəcəfi Maneş müvafiq sazişin imzalanması barədə Fars agentliyinə məlumat verib.

Beləliklə, Rusiya İslam Respublikasında yığılan avtomobillərin daha bir alıcısı olacaq. Verilən məlumata görə, artıq iki ölkə arasında 300 milyon dollar məbləğində müvafiq anlaşma memorandumu imzalanıb

Qeyd edək ki, İran Azərbaycan və Ermənistana da avtomobil ixrac edir. Bundan əlavə, bu ölkə Venesuelaya öz istehsalı olan avtomobillər tədarük etməyə başlayıb. Belə ki, Tehran ora minə yaxın İran avtomobili göndərib.

Yeri gəlmişkən, “Khodro” İranın ən böyük avtomobil şirkətidir. Əvvəllər onun modellərindən biri Rusiya bazarında – “Peugeot 405”in bazasında yaradılmış “Samand” sedanı idi. Ölkədə Fransa və Çin modelləri əsasında digər avtomobillər də istehsal olunur.

Geosiyasi münaqişənin kəskinləşməsi fonunda İranın “Khodro” şirkəti öz avtomobillərini Rusiyaya çatdırılmasına başlamağı planlaşdırır. Belə ki, şirkət ölkəni tərk edən Avropa, Amerika, Yapon və Koreya avtomobillərinin yerini tutmaq istəyir.

Deyilənə görə, ilk model “Peugeot 301” platformasına əsaslanan, altı pilləli avtomatik transmissiyaya malik “Tara” sedanı olacaq.

Qeyd edək ki, Uqandadan gələn elektrik avtomobilləri də daxili bazarda görünə bilər. Bu barədə oktyabrın sonunda respublikanın Rusiyadakı səfiri Moses Kızıge danışıb.

Ağasəf Babayev