“Rus sülhməramlılarını yola salmaq üçün hazırlıqlara başlamalıyıq” AÇIQLAMA

28 Noyabr 2022 15:19 (UTC+04:00)

“Mifik “artsax”ın “çiçəyi burnunda” təzə “dövlət naziri”, Kremlin adamı, erməni oliqarx Ruben Vardanyan bu günlərdə ermənilərə yönəlik video-müraciətində bildirib ki: “Ya 900 gün ərzində biz təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, ”artsax"da insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da dünya erməniliyinin əsas dayaqlarından birini itirəcəyik". Arxasında Rusiyanın durduğu heç kimdə şübhə doğurmayan oliqarx-dələduz ardınca sadə erməniləri Azərbaycana qarşı daha da qızışdıran ifadələr işlədib”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Ruben Vardanyanın 900 gün xofu (Rusiya sülhməramlı qüvvələrin mandatının bitəcəyi 2025-ci ilin 10 noyabrına 6 ay qalmış (2025-ci ilin 10 mayı) Bakının verəcəyi imtina qərarınadək olan tarix nəzərdə tutulur: “Bəyanatda yazılıb ki, 6 ay qalmış tərəflərdən biri razı olmasa, sülhməramlılar müddət bitdikdən sonra Qarabağı tərk etməlidirlər.) tamamilə anlaşılandır. Əslinə qalsa, rus sülhməramlıları Vardanyanı Qarabağa buraxmamalı, onun orda yerləşməsinə imkan verməməliydilər. Ancaq son dövrlər olduğu kimi bu dəfə də Putin Rusiyası reallıqları düzgün qiymətləndirə bilmədi və növbəti dəfə yanlış qərar verdi. Azərbaycan Prezidenti bu günlərdə qəti şəkildə bəyan elədi ki, ”Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək, ancaq Moskvanın göndərdiyi adamla heç bir təmas olmayacaq, bizim nümayəndələr onunla danışmayacaqlar. Bu birbaşa Moskvaya göndərilmiş mesaj idi: münasibətlərimizin müttəfiqlik deyil, heç olmasa normal səviyyədə qalmasını istəyirsinizsə adamınızı təcili Qarabağdan götürün. Vardanyanın Qarabağda qalmasının bölgədə vəziyyəti gərginləşdirəcəyi, Rusiyanın vasitəçilik imkanlarını xeyli azaldacağı barədə yəqin ondan sonra da Moskvaya xəbərdarlıq olunub”.

A.Səmədov onu da bildirib ki, KTMT sammiti ərəfəsində Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığında bu məsələnin ətraflı müzakirə edildiyi istisna olunmurdu: “Vladimir Putin bu xəbərdarlıqlardan düzgün nəticə çıxara biləcəkmi? Ehtimal çox az olsa da, hər halda ümid edirik ki, Rusiya rəhbəri Ruben Vardanyanın Qarabağda qalmasının münasibətlərimizin soyuqlaşmasına gətirib çıxaracağını, onun vasitəçilik şansının qalmayacağını, Türkiyə ilə münasibətlərdə ciddi problemlər yaşanacağını anlaya biləcək. Bununla belə, etiraf etməliyik ki, bu ehtimal o qədər də yüksək deyil. Son aylar biz dəfələrlə Rusiya prezidentinin son dərəcə yanlış, dövlət başçısına qətiyyən yaraşmayan, ”intriqa" qoxulu bəyanatlarının şahidi olmuşuq. Çox güman ki, bu dəfə də eyni davranış təkrarlanacaq və Rusiya təzyiqə əl ataraq sülh sazişinin öz vasitəçiliyi ilə imzalanmasına çalışacaq. Bu vəziyyətdə biz təmkinimizi qorumalı, erməni təxribatlarına uymadan indiyə qədər təmkinlə yürütdüyümüz siyasi xətti davam etdirməliyik. İlin sonuna qədər Avropa İttifaqının və ABŞ-ın birgə vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına nail olmaq üçün əlimizdən gələni etməliyik. Eyni zamanda, həm onların, həm də Türkiyənin dəstəyi ilə 900 gündən sonra rus sülhməramlılarını yola salmaq üçün artıq hazırlıqlara başlamalıyıq”.