“Dragon”la 4 ton qida havaya uçdu

27 Noyabr 2022 21:27 (UTC+04:00)

Amerika kosmik gəmisi və raket istehsalçısı “SpaceX”ə aid “Dragon” kapsulu təxminən 4 ton qida və müxtəlif materiallarla Beynəlxalq Kosmik Stansiyaya göndərildi. Uçuş ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından “Falcon 9” raketi ilə həyata keçirildi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Hər şey yolunda gedərsə, “Dragon” kapsulu noyabrın 27-də Beynəlxalq Kosmik Stansiyasındakı “Harmony” modulu ilə birləşəcək və astronavtlar lükləri açıb “Dragon” kosmik gəmisinin təzyiqli bölməsində yüklərin boşaldılmasına başlayacaqlar.

Kapsulda sıfır çəki şəraitində tərəvəz yetişdirilməsinin sınaqdan keçirilməsi üçün kiçik qırmızı “Robin” pomidor sortunun toxumları, həmçinin kapsulda astronavtlara qan nümunələrinin tibbi şəkillərini toplamaqda kömək etmək üçün portativ əl mikroskopu, kosmosda çevik strukturların inşası haqqında məlumat toplamaq üçün texnologiya alətləri və stansiyanın enerji sistemini təkmilləşdirmək üçün "iROSA" adlı iki yeni günəş paneli var.

Günəş panelləri laboratoriyadan kənarda quraşdırılacaq.

Kosmosda gəzintilər noyabrın 29-u və dekabrın 3-nə planlaşdırılır.

Missiyanın sonunda təkrar istifadə edilə bilən “Dragon” kapsulu bir neçə ton yüklə stansiyanı tərk edəcək və yanvarın əvvəlində Florida sahillərində paraşütlə dənizə düşəcək.