DİN-də maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

26 Noyabr 2022 11:29 (UTC+04:00)

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Cəmilli kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə məktəbdəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzülüb, vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digər çıxışçılar narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat veriblər, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıblar. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.