Britaniya XİN rəhbəri Zelenski ilə görüşdü

26 Noyabr 2022 06:30 (UTC+04:00)

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə səfər edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu barədə Kleverli öz “Twitter” səhifəsində məlumat verib.

“Prezident Zelenski, Böyük Britaniya sizi sözlərlə deyil, əməllərlə dəstəkləyir. Bu gün sizə bu sözü verdim. Böyük Britaniya bunu yerinə yetirmək niyyətindədir”, - deyə Kleverli qeyd edib. Xəbər verildiyi kimi, bu, Böyük Britaniya Xarici İşlər Nazirliyi rəhbərinin Kiyevə ilk səfəri olub. O, Ukraynaya əlavə yardım paketini elan edib. Buraya təcili yardım maşınları və zirehli maşınlarla yanaşı 3 milyon funt sterlinq də daxil olacaq.

Bu pul vəsaiti müharibə başlayandan bəri dağıdılmış infrastrukturun, xüsusilə məktəblər və uşaq evlərinin bərpasına kömək üçün nəzərdə tutulub.

Vəsait həmçinin Rusiyanın təcavüzü zamanı cinsi zorakılıq qurbanlarına dəstək tədbirlərinə yönəldiləcək.