"Bu il dünya çempionatının qalibi Portuqaliya olacaq" - QURUM RƏSMİSİ AÇIQLADI

25 Noyabr 2022 16:55 (UTC+04:00)

"Arzulayırıq ki, növbəti dünya çempionatında Azərbaycan və Türkiyə milli yığmalarını görək. Bildiyimiz kimi futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq". Bu barədə məlumatı SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Qurum rəsmisi qeyd edib ki,2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq:"Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Artıq ilkin oyunlar başa çatıb. Bu il keçirilən çempionat sürprizlərlə doludur. Məsələn, Argentina millisi Səudiyyə Ərəbistanına məğlub olub, Yaponiya millisi Almaniya üzərində əzmkar qələbə qazanıb. Dünən Braziliya - Serbiya matçı başa çatıb. Qarşılaşma Braziliyalıların qələbəsi ilə yekunlaşıb. Maraqlıdır ki, oyunu idarə edən hakim 5 il öncə hər iki millinin qarşılaşmasını idarə etmişdi.

Həmçinin bu çempionatda bir neçə futbolçu tarixə düşüb:
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb. Eyni zamanda Ronaldu Qunnar Greni geridə qoyaraq turnirlərdə qol vuran ən yaşlı ikinci oyunçu adına yiyələnib.
Kamerun millisinin qapıçısı Andre Onana Qətərdə keçirilən dünya çempionatında yeni rekorda imza atıb. İtaliyanın "İnter" klubunda çıxış edən 26 yaşlı qolkiper buna İsveçrəyə qarşı I tur oyununda nail olub.
Leo Messi 4 fərqli dünya çempionatında qol vuran ilk argentinalı futbolçu olub.35 yaşlı hücumçu Səudiyya Ərəbistanına qarşı DÇ-2022-nin C qrupu matçında buna imza atıb. O, 5-ci dəfə dünya çempionatında iştirak edib. Messi Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus və Canluici Buffona (İtaliya) çatıb. Portuqaliya millisindən Kriştianu Ronaldu, Meksika seçməsindən isə Andres Quardado da rekordu təkrarlaya bilər.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.
Mənim fikrimcə isə yarım final oyununda Fransa Portuqaliya ilə qarşılaşacaq. Finalda isə Braziliya – Portuqaliya matçı baş tutacaq və Portuqaliya qalib olaraq 2022-ci ilin dünya çempionu olacaq".