Nə üçün İlham Əliyevlə danışıqlar aparmaq üçün Paşinyana Makron lazımdır? SİYASİ RAKURS+ÖZƏL

25 Noyabr 2022 16:07 (UTC+04:00)

Sonrası isə artıq bəri başdan məlumdur - yaxınlarda Ermənistanın verəcəyi qurbanlara görə yalnız Paşinyan deyil, həm də Makron məsuliyyət daşıyacaq

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusuna dair keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, bizim, yəni Azərbaycanın deyil, məhz fransız rəhbərliyinin günahıdır. Belə ki, Ermənistanın baş naziri keçirilən görüşlərdə Emmanuel Makronun da iştirak etməsini istəyib. Ancaq unudub ki, hər şey Ermənistanın istəkləri ilə ölçülə bilməz, üstəlik, Fransanın mövcud rəhbərliyinin açıq şəkildə tətbiq etdiyi anti-Azərbaycan, yaxud ermənipərətslik siyasəti artıq bu ölkənin hazırkı dövrə qədər olan sözdə vasitəçilik missiyasının üzərindən çalın-çarpaz xətlər çəkib. Dövlətimizin başçısı tərəflər arasında razılaşdırılmış və dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşə də gedilməyəcəyini məhz bu amillə uzlaşdırıb. Daha dəqiq desək, ölkə rəhbərimiz açıq şəkildə bəyan edib ki, əgər Fransanın prezidenti Makron orada olacaqsa, deməli Azərbaycan həmin görüşə qatılmayacaq.

Prezident İlham Əliyev: “Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz”

O da əbəs deyil ki, Prezident İlham Əliyev Fransa prezidentinin məlum davranışlarına da dəqiq və səlis izahını verib. Bu baxımdan, dövlət başçımızın həmin fikirlərini diqqətdə saxlamaq vacibdir. SİTAT: “Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır". Dövlət başçısı qeyd edib ki, qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var: "Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil".

"Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?", deyə Prezident İlham Əliyev vurğulayıb və xüsusilə qeyd edib ki, o, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.

Bəs Paşinyanın məqsədi nədir? Və ya Makronun iştirakı ilə o nəyə nail olacağını düşünürdü - Prezident İlham Əliyev tərəfindən cəhənnəmə göndərilən “status” məsələsinin yenidən danışıqlar gündəminə daxil olunmasınımı?

Digər tərəfdən, fakt budur ki, hələ Parqa görüşü zamanı ərazi bütövlüyü də daxil olmaqla bir sıra prinsiplərlə bağlı müəyyən, yaxud ilkin razılaşmalar da əldə edilmişdi. Bu zaman sual yaranır – bəs Paşinyanın məqsədi nədir? Və ya Makronun iştirakı ilə o nəyə nail olacağını düşünürdü - Prezident İlham Əliyev tərəfindən cəhənnəmə göndərilən “status” məsələsinin yenidən danışıqlar gündəminə daxil olunmasınımı?

Paşinyan hələ də boş-boş çərənləyərək sülh danışıqlarını ləngitdiyini hesab edirsə o kökündən yanılır. Çünki “status” məsələsini nəinki Azərbaycan, eləcə də ABŞ vasitəçiləri də rədd edirlər və Avropa danışıqlar meydançasında da bu məsələnin gündəmə gətirələcəyi qeyri-mümkündür. Daha dəqiq desək, Makronun nə deyib-deməyəcəyi artıq rəsmi Bakı üçün əhəmiyyətsizdir!

Nəyə görə Makron Paşinyana Soçi görüşündə gərəkli olmadı?

Üstəlik, Ermənistan rəhbərliyi də İlham Əliyevin, eləcə də Azərbaycan xalqının Makrona olan məlum münasibətindən kifayət qədər xəbərdardır. Bu zaman növbəti sual da yaranır ki, məsələn, nəyə görə Makron Paşinyana Soçi görüşündə gərəkli olmadı? Bəli, bütün bu oyunbazlıqların arxasında dayanan yeganə məqsəd danışıqları pozmaq və sülh prosesini nəinki əngəlləmək, eləcə də yeni müharibəyə başlamaqdan ibarətdir ki, artıq proseslər də çox yəqin ki, buna doğru inkişaf edir.

Sonrası isə artıq bəri başdan məlumdur - yaxınlarda Ermənistanın verəcəyi qurbanlara görə yalnız Paşinyan deyil, həm də Makron məsuliyyət daşıyacaq. Təbii ki, digər vasitəçilər də nə qədər ki, susurlarsa və erməni baş nazirinin mövcud davranışlarına heç bir sərt reaksiyalar göstərmirlərsə, həmin məsuliyyətin bir hissəsi elə onların da boyunlarına yük kimi düşməli olacaq.

Rövşən RƏSULOV