Biz Ulu Öndərin yolu ilə gedirik TƏHLİL

25 Noyabr 2022 16:02 (UTC+04:00)

Prezident cənab İlham Əliyev: Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda çox mürəkkəb iqtisadi, ictimai-siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Azərbaycanın ovaxtkı rəhbərliyinin səriştəsizliyi və xəyanətkarlığı, öz vəzifələrini qorumaq üçün sovet rəhbərliyinə yaltaqlanmaları qarşıda xalqı çətin anların gözlədiyindən xəbər verirdi. Sovet rəhbərliyinin bütün bunlardan istifadə etməklə ermənipərəst siyasətini aktivləşdirməsi qonşuluqda məqam gözləyən ermənilərə öz murdar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yaradırdı.

Həmin vaxt ölkəmizin Ermənistanla sərhədboyu rayonları ermənilər tərəfindən mütəmadi olaraq atəşə tutulurdu. Eyni zamanda Naxçıvan Muxtar Respublikasına qarşı da ermənilər ərazi iddiası ortalığa atmış, kommunikasiyaları kəsməklə Naxçıvanı blokada vəziyyətinə salmışdılar.

Məhz belə bir vaxtda – 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini ləğv olunmaq təhlükəsindən xilas etməklə yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatının başlanması, ulu öndərin xalqın xilaskarı kimi milləti böyük bəlalardan qurtarması, müstəqilliyimizin qorunması, daimiliyi ilə nəticələndi.

Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən Yeni Azərbaycan Partiyasının bu günlərdə qeyd olunan 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlətimizin başçısının çıxışında əvvəldən sonadək Heydər Əliyev siyasi xətti, ideyaları, yolu ilə getməklə əldə olunan uğurlardan bəhs etməsi ilə ötən illərin şanlı tarixinin səhifələri yenidən bir-bir vərəqləndi.

Ümummilli liderimizin Azərbaycana, xalqımıza, onun müstəqilliyinə bəslədiyi məhəbbət fonunda ərazi bütövlüyümüzün bərpası, ölkəmizin inkişafı üçün həyata keçirdiyi misilsiz xidmətlər bu gün öz bəhrəsini verib. Bunu hər bir vətəndaş görür və qürur duyur. Partiyanın yaranması tarixinə nəzər salan dövlət başçısının çıxışında da bu məqamlar öz əksini tapdı: Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyirdi: Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi

1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Azərbaycanın xilası üçün xalqın ziyalı nümayəndələri ümummilli liderimizi tək çıxış yolu olaraq görürdülər. Çünki ona inanır və böyük ümid bəsləyirdilər. Onun birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə gördüyü işlər, dövlətimizin başçısının da vurğuladığı kimi, həmin dövrdə Qarabağda separatist qüvvələrin baş qaldıra bilməməsi bu inamı daha da möhkəmlətmişdi. Dövlət başçısının dediyi kimi: Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir.

Dövlət başçısı ötən 30 ilin tarixini çox ətraflı, bütün hadisələri xronoloji ardıcıllıqla şərh etməklə böyük bir tarixdən söhbət açır, ulu öndərimizin qətiyyətini, iradə və bacarığını tarixi faktlarla göstərirdi: ... Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir.

Bəli, dövlətimizin başçısının da qeyd etdiyi kimi, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilməsi, parlamentin sədri seçilməsi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tariximizin o qara səhifəsi bağlanmışdır. Və biz bağlanan o qara səhifədən sonra başlanan tariximizin parlaq səhifələri ilə bu gün fəxr edir, qürur duyuruq.

Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik

Ulu öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Son 19 ilin hadisələri Ulu Öndərin bütün tapşırıq və tövsiyələrinin yerinə yetirildiyini göstərir

Bəli, ötən 19 ilin hər saatında, hər anında ulu öndərimizin tapşırıq və tövsiyələrinin yerinə yetirildiyi görürük. Həm də çox yüksək səviyyədə. Bu tapşırıq və tövsiyələrin yerinə yetirilməsində bütün cəmiyyətimizin səfərbər olduğunu da görmək mümkün olub. Çünki ulu öndər Azərbaycan üçün nə qədər əzizdirsə, onun tapşırıq və tövsiyələrinin bu xalqın nümayəndələri tərəfindən yerinə yetirilməsi bir o qədər qürurvericidir. Biz bütün işlərdə həmişə dövlətimizin başçısının arxasında olmuşuq.

Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə deyirdi: Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Azərbaycan dövləti Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir

Azərbaycan xalqının özünəməxsus milli dəyərləri vardır ki, bu xalq hansı dövrdən, çətinliklərdən, müharibələrdən, ağrı-acılardan keçməsinə baxmayaraq həmin dəyərlərə sadiq qalmış, onları qoruya-qoruya nəsillərdən-nəsillərə təhvil vermişdir. Onlardan biri də xalqın birliyi, həmrəyliyidir ki, 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Ulu öndərimiz də bu dəyərlərin hər zaman qorunmalı olduğunu tövsiyə edirdi.

Prezident cənab İlham Əliyev: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Güclü ordu quruculuğu Ulu Öndərin vəsiyyəti idi

Bu, tarixi faktdır ki, 90-cı illərin əvvəllərində ordumuz yox dərəcəsində idi. Yənu ordu quruculuğu işini həmin dövrdə gündəmə gətirən də yox idi. Çünki ovaxtki dövlət rəhbərlərinin başı öz vəzifə kürsülərini qoruyub saxlamağa qarışmışdı. Onlar ordu barədə nə üçün düşünməli idilər ki? Öz əlləri ilə düşmənə satdıqları torpaqları qorumaq üçünmü? Bu iki hal bir-biri ilə ziddiyyət təşkil etdiyinə görə bu barədə danışmağa da əsla dəyməz.

Lakin həmin dövrdə Naxçıvanda yaşayan və fəaliyyət göstərən dahi şəxsiyyət Heydər Əliyev üçrəngli dövlət bayrağımızın qaldırılması, dövlət rəmzlərimizin tanınması kimi, artıq orada ordu quruculuğuna da başlamışdı. Azərbaycan Milli Ordusunun təməli ulu öndər tərəfindən qoyulmuşdu. Sonrakı illərdə isə bu, daha da şaxələndirildi və bu sahədə həyata keçirilən bir-birindən əhəmiyyətli işlər bugünkü güclü ordumuzun yaradılması ilə nəticələndi.

Bu barədə dövlətimizin başçısı deyir: Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

Başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq

Bu barədə Prezident İlham Əliyevin dəyərli və yaddaqalan, bütün nəsillərə nümunə olan dəyərli fikirlərini dinləmək kifayətdir: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi

Bəli, bütün həyatını, sağlamlığını xalqının xoşbəxtliyinə, müstəqilliyimizin əbədiliyinə, torpaqlarımızın azadlığına həsr edən böyük Heydər Əliyevin həyatı da, fəaliyyəti də bir fədakarlıq nümunəsi idi.

Yaxşı yadımdadır, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində torpaqlarımızı satanlar isti otaqlarında boş-boş işlərlə məşğul olduqları zaman ulu öndərimiz qazsız, işıqsız Naxçıvanda buz kimi evdə yaşayır, Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyətə malik olan sənədlərə qaranlıq, soyuq iş otağında imza atırdı. Saatlarla o soyuq otaqda bu xalqın qurtuluşu üçün yollar axtarıb tapırdı. Minilliklər boyu bir xaqlın taleyində belə şəxsiyyətlər çox az halda olur. Biz çox xoşbəxt xalqıq ki, ulu öndər bizim tale payımız, alın yazımız olub. Biz bugünkü müasir, müstəqil Azərbaycan üçün ulu öndərimizə, onun ölməz ideyalarına borcluyuq. Dövlətimizin başçısının söylədiyi kimi: Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Sonda yenə də dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəyərli fikirlərini söyləmək istəyirəm: Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.

Bəli, Azərbaycan xalqı bu dövlətlə də, sizin kimi lideri ilə də fəxr edir!

Mətanət Məmmədova