"Paşinyan Azərbaycanla bağlı məsələ salınmadığına görə öz imzasını qoymadı" - POLİTOLOQ DANIŞDI

25 Noyabr 2022 15:54 (UTC+04:00)

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti 23-24 noyabr 2022-ci il tarixində İrəvanda keçirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.

Politoloq qeyd edib ki, üzv dövlətlərin başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin də sammitə qatılmaq üçün Ermənistana gəlmişdi. Məlum olduğu kimi son iki ildə bu təşkilata rəhbərlik Ermənistanda idi və bundan sonra Belarusa həvalə olundu. Sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti ilə bağlı 17 sənəd müzakirəyə çıxarıldı. Müzakirə olunan sənədlərdən 15-ni müzakirə edib razılaşdırmaq mümkün oldu. İki sənəd Ermənistan tərəfindən imzalanmadı. Daha dpğrusu, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan bu sənədləri imzalamaqdan imtina etdi. Sənədlər hansı sənədlər idi və Baş Nazir nədən onları imzalamaqdan boyun qaçırdı? Sənədlərdən biri Ermənistana KTMT-nin yardım paketini nəzərdə tutan qətnamə idi. İkinci sənəd isə Yekun bəyannaməsi. Paşinyan orada Azərbaycanla bağlı məsələ salınmadığına görə öz imzasını qoymadı.

Paşinyanın gözləntisi bu idi ki KTMT Azərbaycana qarşı müəyyən müddəalar salsın müzakirə olunan sənədlərə. Gözlədiyi nəticəni ala bilməyən Ermənistan bu sənədləri imzalamadı və bununla Rusiya Prezident Putini Ermənistana səfərindən gözlənilən nəticələri sıfra endirdi. Beləliklə bu sammitdən sonra Rusiya-Ermənistan, Ermənistan-KTMT münasibətləri gərginləşmə yoluna qədəm qoydu. Politoloqlar Ermənistanın bu demarşının KTMT-ni dağıtmaq istiqamətində atılan addım kimi qiymətləndirir və Rusiyanın reaksiyasını gözləyirlər.