"Fransa bölgə üzrə nüfuzunu itirdi" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

25 Noyabr 2022 15:34 (UTC+04:00)

"Fransa tərəfindən Azərbyacana qarşı sərgilənən ədalətsiz və riyakar siyasətin kökündə bir neçə məsələ dayanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, birincisi, Fransa bu günə qədər həzm edə bilmir ki, Rusiya keçmişdə qalmış Qarabağ münaqişəsinin həll olunmasında təkbaşına liderliyini saxlaya bildi: "Bu, Rusiya tərəfindən keçmiş Minsk qrupunun həmsədri kimi Fransaya qarşı ağır bir zərbə oldu. Rusiya tərəfindən Fransaya növbəti zərbə, eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda da dəymişdi. Belə ki, rəsmi Moskava Parisi vasitəçi olmaq missiyasından uzaqlaşdırdı. İkincisi, fransa Avropada Avrosentrik siyasətini iflasa uğratdıqdan sonra və Sakit Okeanda ABŞ və Birləşmiş Krallıq tandemi ilə üz-üzə qaldıqdan sonra da bu istiqamətdə də uğur qazana bilmədi. İndi isə Qafqazda siyasi ambisiyalarını reallaşdırmaq istəyən Fransa Azərbaycan və Türkiyə tandemi qarşısında acizdir. Fransanın Türkiyəyə qarşı nifrəti həm də yazın və orta Şərqdə aparılan hərbi kompaniyalardan kənarda qaldığı vaxtdan formalaşıb. Üçüncüsü isə Fransanın birbaşa apardığı ikiüzlü, qeyri-demokratki və ədalətsiz mövqeyi ilə birbaşa bağlıdır. Fransa Avropada və dünyada demokratik prinsiplərin carçısı, insan hüquqlarının qoruyucusu və mədəni müxtəlifliyin qorunması kimi ümumbəşəri ideyaların təşəbbüskarı olduğu halda Ermənistan kimi işğalçı dövlətini tərəfini saxladı. Bununla da öz bitərəfliyin ABŞ və Rusiya kimi qoruyub saxlaya bilməyən Fransa nəticədə bölgə üzrə nüfuzunu itirdi".

Politoloq Amid Əliyev deyib ki, II Qarabağ müharibəsi zamanı Fransanın münasibətləri daha açıq və çılpaq şəkildə özünü büruzə verdi: " Bir sıra Fransa şəhərlərində Azərbaycana qarşı siyasi kompaniyalar başladı, Azərbaycanın haqq işinə kölgə salınmasına cəhdlər edildi. Lakin bu işdə Fransanı Ermənistandan başqa dəstəkləyən tapılmadı. Bu ilin oktyabr ayında Praqada keçirilən görüşdən bir neçə gün sonra Fransa dövlət başçısı Azərbaycanın ünvanına ağır ittihamlar səsləndirdi ki, bununla da Azərbaycan və Fransa arasında olan diplomatik münasibətlərə ağır zərbə vurdu. Ardınca Fransa senatında Azərbaycana qarşı ədalətsiz Qətnamənin səsə qoyulması, Tunisdə Frankofoniyanın zirvə görüşündə Ermənistan kimi işğalçı dövlətə çıxış etmə imkanı verməklə bir daha Ermənistanı dəstəklədiyini etiraf etdi. Bu şərtlər daxilində təbii ki, Fransanın bundan sonrakı mərhələdə hansısa bir qisimdə proseslərdə iştirakı arzuolunan deyil. Bu barədə Azərbaycan öz rəsmi mövqeyni bildirib. Fransanın bölgədə mövqeyini qoruyub saxlamaq, Rusiyanı buradan sıxışdırmaq və erməni lobbisinin dəstəyini qazanmaq kimi siyasəti günbəgün iflasa uğrayır. Ölkə başçısı bu gün “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışı zamanı bunu bir daha təsdiq edib. Fransa nə vasitəçi, nə tərəf, nə də beynəlxalq aktor kimi bölgədə iştirak edə bilməz".