“Kəlbəcər qədim yaşayış məskənlərimizdən biridir” - DEPUTAT ŞƏRH ETDİ

25 Noyabr 2022 13:43 (UTC+04:00)

“1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilmiş Kəlbəcər qədim yaşayış məskənlərimizdən biridir. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri Kəlbəcərin qədim yaşayış məskənlərimizdən biri olduğunu sübut edir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Ərazisi 3054 kvadrat kilometr olan Kəlbəcər rayonunda işğala qədər 88 300 nəfər əhali yaşamışdır. Ermənistan Respublikası Silahlı Qüvvələri 1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonunu işğal etmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur: “İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və sair talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başlanılmışdır”.

Deputat sözlərinə belə davam edib: “Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş, beynəlxalq təşkilatlar isə Ermənistana qarşı heç bir təsir göstərməmişdir. Nəticədə isə BMT-nin qəbul etdiyi beynəlxalq qətnamə 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır.
Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib Sərkərdə olduğunu sübut edir.

Kəlbəcərin şimal hissəsi Vətən müharibəsinin ilk günlərində ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Nəticədə isə Ermənistan ordusunun hərəkətləri rəşadətli ordumuz tərəfindən iflic vəziyyətinə salınmışdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalını təsis edərək rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusunu təltif etmişdir.

Prezident cənab İlham Əliyev iki dəfə Kəlbəcər rayonunda səfərdə olmuş, ölkə başçısı 2021-ci il avqustun 16-da ilk səfəri zamanı Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmış və Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşdur. Bundan əlavə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur. Səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir. Cari ilin 26 iyun tarində Kəlbəcərə ikinci səfəri zamanı isə Prezident cənab İlham Əliyev xeyli sayda təməlqoyma və açılış mərasimlərində işrirak etmiş, həmçinin görülən işlərin gedişatı və şəhərinin Baş planı ilə tanış olmuşdur.

İşğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi Kəlbəcər rayonu da fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, geniş miqyaslı tikinti-quruculuq işləri uğurla həyata keçirilir. Kəlbəcər rayonunda icra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Bütün bunlardan əlavə, 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Bu isə o deməkdir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərmizdə genişmiqyaslı bərpa-quruluq işləri həyata keçirilməklə bərabər ordu quruculuğu prosesi də sürətlə inkişaf etdirilir”.

Ayşən Vəli