Prezident İlham Əliyevin Albaniyaya səfəri mühüm tarixi səfər idi ŞƏRH

25 Noyabr 2022 11:23 (UTC+04:00)

Azərbaycan Respublikası Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan və Çexiyaya səfərləri, ardınca Gürcüstan və Mərkəzi Asiyada verdiyi bəyanatlar, dövlət başçımıza olan ehtiram Azərbaycanın dünyadakı gücünün göstəricisidir. Bu baxımdan, dövlət başçısının Albaniya səfəri bizim üçün müstəsna əhəmiyyətə malikdir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycanın düşünülmüş rasional siyasi kursu bu gün rəsmi Bakını Qərbdə və Şərqdə aparıcı mövqelərə gətirib.

Dövlət başçısının Albaniyaya səfəri ilk olduğundan bunun mühüm tarixi və siyasi əhəmiyyəti mövcuddur. Səfərin məqsədi ölkələr arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Prezident İlham Əliyev albaniyalı həmkarı Bayram Beqay və bu ölkənin Baş naziri Edi Rama ilə görüşüb. Baş tutan görüşlərdə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər barədə vacib müzakirələr aparılıb. Albaniya və Azərbaycan geostrateji mövqelərinə görə də Qərbdə maraqla qarşılanan ölkələr hesab edilirlər. Xatırladaq ki, Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. 2023-cü ildə bu əlaqələrin 30-cu ildönümü qeyd olunacaq. Bu əlamətdar münasibətlə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır.

Azərbaycan ilə Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya rəsmilərinin mütəmadi olaraq Azərbaycana səfərləri iki ölkə arasında mövcud olan siyasi dialoqun dinamizmindən xəbər verir. Eyni zamanda, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq Azərbaycan-Albaniya əlaqələrini davamlı olaraq gücləndirir. Albaniya hökumət başçısının ölkəmizə daimi səfərləri gerçəkləşdirilib. Belə ki, Albaniyanın dövlət başçıları ölkəmizə beş işgüzar səfər, baş nazirləri isə iki rəsmi və iki işgüzar səfər ediblər ki, bu, kifayət qədər önəmli göstəricidir. Cari ilin 14 aprel tarixində Albaniyanın Baş naziri Edi Rama Bakıda Qlobal Forumunda vacib mesajlar verib. Belə ki, hökumət başçısı Albaniyanın ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkəmizin tarixi hüquqlarını dəstəklədiyini söylədi, bu siyasətin davam edəcəyini, həmçinin Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini vurğuladı.

Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev ölkələrimiz arasında olan əlaqələrdən bəhs edərkən qeyd etdi ki, həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, ölkəmizin ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycan dövləti çox yüksək qiymətləndirir. Dövlət başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etməklə bərabər beynəlxalq hüququ da bərpa edib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Xüsusilə Ermənistan bu qətnamələrin icrasına maraq göstərmir, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq birlik tərəfindən isə sadəcə olaraq, Ermənistanın işğalçılıq siyasətinə göz yumulmuş və bu ölkəyə hər hansı bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan həqiqətləri haqqında danışarkən Prezident qeyd etdi ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmək və bu ərazilərdə qanunsuz məskunlaşma aparmaq böyük hərbi cinayətdir. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Artıq Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. İndi Azərbaycan Bayrağı azad edilmiş torpaqlarda dalğalanır.

Bu gün Albaniya da daxil olmaqla bir çox ölkələr üçün Trans Adriatik Boru Kəməri (TAP) layihəsi yeni enerji nəfəsliyidir. Prezident İlham Əliyev rəsmi Tirana ilə əlaqələrə hər zaman yüksək dəyər verib. Bu baxımdan Azərbaycan rəhbərliyinin aprel ayında səsləndirdiyi fikirlər xüsusilə vacibdir. Prezident vurğuladı ki, İkinci Qarabağ müharibəsində Albaniya Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Eləcə də, layihə Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edir. Ona görə də Albaniya cəmiyyətində və siyasi fikrində TAP-a böyük dəyər verilir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon ABŞ dolları, ixracın həcmi 4,29 milyon ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 milyon ABŞ dolları kimi dəyərləndirilir. Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu platformada da anti-Azərbaycan qüvvələrə qarşı yanımızda yer alan dost ölkələrdəndir. Dünyada dostlarımızın sayı artdıqca Azərbaycanın siyasi-iqtisadi gücü artır, mövqelərimiz güclənir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini