Cozep Borrell Türkiyəyə bir daha təşəkkür edib

24 Noyabr 2022 22:46 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukrayna-Rusiya müharibəsinin təsirlərinə toxunaraq, Qara dəniz taxıl dəhlizi sazişinin uzadılmasına verdiyi töhfələrə görə Türkiyəyə bir daha təşəkkür edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Borrell mərkəzi qərargahı İspaniyanın Barselona şəhərində yerləşən Aralıq dənizi İttifaqının (AiB) VII Regional Forumunun açılışında çıxış edib.

Ukrayna-Rusiya müharibəsinin Aralıq dənizinin cənub sahilindəki ölkələrlə əlaqələrə xələl gətirməməsinin vacibliyini vurğulayan C.Borrell "Bu münaqişənin mənfi nəticələrinin minimuma endirilməsinin lazım olduğunu" dilə gətirib.

C.Borrell çıxışında Aralıq dənizinin şimal və cənubunda "iqtisadi uçurum"un genişləndiyini də ifadə edərək, daha çox əməkdaşlıq istəyib:

“Dünyanın ən dərin balanssızlıqlarından biri olan və daha da böyüyən Aralıq dənizinin iki tərəfi arasında iqtisadi uçurumu aradan qaldırmaq üçün səylərimizi gücləndirməliyik”.
Borrell xüsusilə gənclərlə bağlı layihələrdə daha sürətli və daha təsirli fəaliyyətə ehtiyac olduğunu vurğulayıb.

Borrell iqlim dəyişikliyi və bərpa olunan enerji prioritetlərini həll etmək, qadınların ictimai həyata və qərar qəbuletmə proseslərinə çıxışını yaxşılaşdırmaq və qadınlara qarşı zorakılıqla mübarizə üzrə öhdəliklərini yerinə yetirmək üçün elmi əməkdaşlığı gücləndirmək üçün AİB üzvlərini daha çox səy göstərməyə çağırıb.