Millət vəkilləri ölümdən sonra orqanlarını bağışlayacaqlar

24 Noyabr 2022 22:37 (UTC+04:00)

Misir parlamentinin iclasında millət vəkilləri yekdilliklə ölümdən sonra orqanlarını bağışlayacaqlarını bəyan ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Millət vəkili İnes Abdel-Halim bu qərarın orqan transplantasiyası əməliyyatlarına ehtiyacı olan xəstələrin həyatını xilas etmək üçün bədən orqanlarını bağışlamağa təşviq etmək üçün verildiyini deyib. O əlavə edib ki, parlament üzvləri bununla vətəndaşlar arasında orqan donorluğu mədəniyyətinin yayılmasına töhfə verirlər. Millət vəkili diqqətə çatdırıb ki, deputatlar artıq ianə sertifikatları ilə bağlı rəsmi təsdiq imzalarını təqdim ediblər. "Bu sertifikatlar qanunun tələb etdiyi kimi, Səhiyyə Nazirliyinin pulsuz dərman departamentində qeydiyyata alınacaq", - deyə Abdel-Halim vurğulayıb.

Bu arada, Nümayəndələr Palatasının səhiyyə məsələləri Komitəsinin sədri Əşrəf Hatəm jurnalistlərə bildirib ki, parlamentin iclasında insan orqanının transplantasiyası qanunu da müzakirəyə çıxarılıb O deyib: "Bu qanunun səkkizinci maddəsində deyilir ki, vətəndaşlar ölümdən sonra bədən orqanlarını Səhiyyə Nazirliyinin Orqan Nəqli üzrə Ali Komitəsi tərəfindən təsdiq edilməli olan rəsmi sənəd əsasında bağışlaya bilərlər. Eyni maddədə qeyd olunur ki, Komitənin baş katibliyi ölümdən sonra bədən orqanlarını donorluğa qəbul edən vətəndaşların adlarının qeydiyyata alınması üçün xüsusi reyestr kitabı yaradır”.

Millət vəkilləri ilə yanaşı, Misirin incəsənət xadimləri də ölümdən sonra bədən orqanlarını bağışlamağa qərar verdiklərini açıqlayıblar.