Portuqaliya Qana yığmasına qalib gəldi

24 Noyabr 2022 22:06 (UTC+04:00)

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının H qrupunun ikinci matçında Portuqaliya və Qana yığmaları qarşılaşıblar.

SİA xəbər verir ki, matçın ilk qolunu qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldo vurub. O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Görüşün 73-cü dəqiqəsində Qananın heyətində Andre Ayu fərqlənərək hesabı bərabərləşdirib. Portuqaliya seçməsinin təmsilçiləri - 78-ci dəqiqədə Joao Feliks, 80-ci dəqiqədə isə Rafael Leao rəqib qapısından daha iki top keçirərək komandalarını 3:1 hesabla irəli çıxarıblar. Gərgin mübarizə şəraitində keçən matçın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb.

Beləliklə, qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bildirək ki, qrupun ilk matçında - Uruqvay və Koreya Respublikası milli komandaları arasında keçirilmiş oyunda qalib müəyyənləşməyib – 0:0.

Bu günün son matçı G qrupunda Braziliya ilə Serbiya komandaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu gün keçirilmiş qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda İsveçrə millisi minimal hesablı qələbə qazanıb – 1:0.

Futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.