Yeni il öncəsi rusların kütləvi hücumları gözlənilir

24 Noyabr 2022 20:04 (UTC+04:00)

Ruslar Yeni ilə qədər Ukrayna ərazisinə daha 1-2 iri miqyaslı raket hücumu həyata keçirməyə çalışacaqlar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə,bu proqnozu Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirib.

O, qeyd edib ki, Rusiya Federasiyası öz raket terroru ilə Ukraynanı güzəştə getməyə və hərbi əməliyyatlar xəttini dondurmağa razı salmaq istəyir.

Musienko hesab edir ki, raket zərbələri rusların yeganə kozırıdır və nə qədər ki, raketləri var, bundan maksimum şəkildə istifadə edəcəklər.

Ekspertin dediyinə görə, bu Rusiyanın əsas məqsədi Ukraynaya mümkün qədər çox ziyan vurmaq, ölkədəki mülki infrastrukturu, enerji obyektlərini dağıtmaq, sonra isə bəyan etmək istəyəcək ki, biz ruslar dayanmağa hazırıq, amma gəlin danışıqlar aparaq.

Xatırladaq ki, oktyabrın 10-dan başlayaraq Rusiya Ukraynanın enerji obyektlərinə raket zərbələri endirir. Bu müddət ərzində ruslar, yeddi irimiqyaslı hücum həyata keçiriblər.

Qeyd edək ki, Rusiya qoşunlarının sonuncu raket hücumu noyabrın 23-də həyata keçirilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna ərazisinə 70-ə yaxın Kh-101/Kh-555, “Kalibr” qanadlı raketləri atıb.

Onu da qeyd edək ki, atılan rus raketlərinin 51-ni Ukrayna Müdafiə Qüvvələri zərərləşdirib.

Ağasəf Babayev