Bakı İrəvanı öz evində məğlub etdi – TƏHLİL

24 Noyabr 2022 18:00 (UTC+04:00)

Paytaxt İrəvanda KTMT-nin genişmiqyaslı tədbirləri keçirilir və qurumun baş katibinin iştirakı tədbiri diqqət mərkəzində saxlayan əsas məqamlardandır. Eyni zamanda Rusiya prezidenti Vladimir Putinin də tədbirdə iştirakı müəyyən məqamlardan xəbər verir və rəsmi Moskvanın KTMT-ni hələ də ayaqda saxlamaq niyyətini ortaya qoyur. Məsələ burasındadır ki, kimlərin iştirak etməsindən, tədbirin harada keçirilməsindən asılı olmayaraq, Ermənistan bu dəfə də sözügedən təşkilatı özünün təcavüzkar siyasətinin girovuna çevirə bilmədi və bu da Bakının İrəvanı məğlub etməsi, həm də öz evində məğlub etməsi deməkdir.

Xatırladığımız kimi, hələ 2020-ci ildə KTMT üzvlərini, ələlxüsus da Rusiyanı Azərbaycanla müharibəyə cəlb edə bilməyən Ermənistan həmin üzvləri guya öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edirdi. Rəsmi İrəvan bir qədər də irəli gedərək hətta Moskvanı KTMT-dən çıxmaqla hədələməyə də başlamışdı. Ümumiyyətlə, Ermənistanın özünün təcavüzkar siyasətinə çoxlarını alət etmək niyyətində olduğu heç kim üçün sirr deyil. Azərbaycanı guya ki, Ermənistan ərazilərini zəbt edən ölkə kimi qələmə verməyə çalışan İrəvan hələ də KTMT üzvlərini ölkəmizə qarşı müharibəyə səsləyir və bunun üçün əldən-ayaqdan gedir, amma paytaxt İrəvanda sözügedən təşkilatın genişmiqyaslı tədbirləri təsdiq etdi ki, bu dəfə də ermənilərin dişi daşa dəydi, arzularına da çata bilmədilər. Bir sözlə, Azərbaycana qarşı KTMT-nin Ermənistanın istədiyi mövqedə olmaması təsdiq etdi ki, bu dəfə Bakı İrəvanı öz evində məğlub etdi.

Ermənistanın Qərblə Rusiya arasında oynadığı ikibaşlı oyun elə bir həddə çatıb ki, bunu ruslar, xüsusən də Vladimir Putin həzm edəcək deyil. Bu mənada Rusiyanın hansısa yardımına Ermənistanın bel bağlaması həddindən artıq gülünc görünür. Yaxud, İrəvanın istəyi, arzusu ilə Moskvanın Azərbaycan əleyhinə mövqe sərgiləməsi belə mümkün deyil. Əksinə, Rusiyanın bundan sonra Ermənistan əleyhinə hansısa gedişlər edəcəyi inandırıcıdır. Bütövlükdə KTMT-nin məhz İrəvana qarşı mövqe tutacağı göz önündədir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, rəsmi İrəvan nə qədər səy göstərsə də, nə qədər hiyləyə əl atsa da öz evində belə Bakıya məğlub oldu. Təsadüfi deyil ki, Ermənistan ictimaiyyətində bu məqam kifayət qədər böyük rezonans doğurub və bunu erməni politoloqların fikirlərindən də aydın şəkildə duymaq olur.

Ümumiyyətlə, son zamanlar Ermənistan nə Rusiya, nə də KTMT-yə üzv olan hansısa ölkə ilə bir müstəvidə özünü hiss etməyib. Daim gizli və aşkar şəkildə Qərbə meyilli olduğu üzə çıxıb. Bu baxımdan İrəvanın KTMT-ni öz öhdəliklərindən boyun qaçırmaqda günahlandrımasının qarşılığında Moskva da Ermənistana daha böyük irad edir və Qərblə aparıdğı siyasi sövdələşmələrə görə hətta təşkilata üzv ölkələr belə Ermənistana qarşı görünürlər və bu da tam başadüşülən, anlaşılandır. Əvvəla ona görə ki, bütün problemlərini Rusiyanın, eləcə də KTMT-yə üzv ölkələrin resursları və dəstəyi hesabına həll etməyə çalışan Ermənistanın bir sıra taleyüklü məsələlərlə bağlı Qərbə yön alması, üz tutması onların heç biri üçün qəbuledilən deyil. Digər tərəfdən də, Ermənistanın regional və beynəlxalq təşkilatlarda qətnamələrin qəbul edilməsi zamanı Moskvanın əleyhinə səs verməsi və yaxud da bitərəf qalması, indi KTMT-ni ayaqda saxlamaq üçün çalışan Rusiyaya da bəllidir və rusların bunu İrəvana bağışlayacaqları mümkünsüzdür. Yəni, rəsmi İrəvan öz ikiüzlü siyasəti sayəsində KTMT-yə üzv olan bütün ölkələr arasında zərrə qədər nüfuza sahib deyil ki, müdafiə də olunsun. Amma bütün bunların fonunda Azərbaycan, başda Rusiya olmaqla, KTMT-yə üz olan bütün ölkələr üçün həm etibarlı tərəfdaşdır, həm də haqlı tərəf və bunu ermənilər öz ölkələrində də gördülər. Gördülər və əmin oldular ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında, eləcə də hansısa ölkədəki beynəlxalq platformalarda deyil, hətta öz evində belə məğlub etdi.

İndi təkcə Rusiya deyil, bütövlükdə KTMT-yə üzv ölkələr kimin dost, etibarlı tərəfdaş, kimin də düşmən, ən azından etibarsız bir ölkə olduğunu yaxşı bilirlər. Xüsusən də Ukrayna ilə müharibəsi fonunda bu zamana qədər Rusiyanın Qərblə geosiyasi qarşıdurması Moskva üçün bir dərs oldu və etibarsız bir ölkə kimi Ermənistanın bu geosiyasi qarşıdurmada ikiüzlülüyü rusların yadından çıxan deyil. Həm də KTMT-nin mövcudluğunu siyasi təsəlli hesab edən Rusiya və həmin təşkilata üzv ölkələr Qərblə qarşı-qarşıya gəldikləri bu ağır durumda özlərinə ikiüzlü Ermənistanı deyil, etibarlı tərəfdaş olan Azərbaycanı yaxın hesab edirlər və bu da İrəvanda keçirilən KTMT-nin genişmiqyaslı tədbirləri zamanı özünü açıq-aydın şəkildə göstərdi. Beləliklə də, Nikol Paşinyan Bakıya qarşı son şansını da itirdi və məğlubiyyətini öz gözləri ilə gördü, bədbin şəkildə də seyr etdi. Ələlxüsus onu seyr etdi ki, Ermənistan KTMT-dən istədiyini növbəti dəfə də ala bilmədi. Çünki, “Sərhəd məsələsində Ermənistana hərbi dəstəyin verilməsi”, eləcə də “Azərbaycanın “hücumuna” siyasi qiymətin verilməsi” olmaqla, İrəvanın gündəliyə daxil etdiyi iki məsələdən savayı qalan digər məsələlərin hamısı qəbul olundu. Məhz elə bu fakt özü Bakının İrəvanı öz evində məğlub etməsi deməkdir.

Tədbirin gedişi zamanı erməni baş nazir Nikol Paşinyanın üzündən də görünürdü ki, o narazıdır. Hətta o bunu açıq şəkildə də dedi, çünki bilir ki, bu, Ermənistan üçün itirilən fürsət idi və onlar üçün bir də rast gəlinməyəcək bu şəraitdə də Azərbaycan qalib oldu və Ermənistanı elə İrəvandaca məğlub etdi. Erməni baş naziri yandıran ən ağrılı məqam o idi ki, KTMT-yə sədrliyi dövründə Ermənistan Azərbaycana qarşı sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi və uduzdu. Elə bu baxımdan da KTMT-də Paşinyanın Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsi haqlı olaraq, Bakının İrəvanı öz evində məğlub etməsi kimi qiymətləndirilir.