Azərbaycanın beynəlxalq nüfuzu Şərqi Avropa ölkələrində günü-gündən artmaqdadır

24 Noyabr 2022 17:17 (UTC+04:00)

Məlumdur ki, Prezident cənab İlham Əliyevin qlobal nüfuzu fəal xarici siyasətimizi şərtləndirən ən əsas amildir. Dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində, beynəlxalq nüfuzunun daha da artmasında hər zaman əhəmiyyətli rol oynayıb. Respublikamızın Cənubi Qafqazdakı mövqeyini, iqtisadi potensialını yüksək qiymətləndirən ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Cari ilin noyabrının 15-də Ali Baş Komandan Prezident cənab İlham Əliyevin Albaniyaya dövlət səfəri bütün bu deyilənləri bir daha təsdiqləyir.

Qeyd edim ki, bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu tarixi hadisənin 30-cu ildönümü olacaqdır. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Səfər çərçivəsində, Prezident İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər iki ölkə arasında yüksələn xətlə davam edən diplomatik münasibətlərə, reallaşdırılan birgə layihələrə töhfə oldu. Belə ki, Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illərdə sürətli inkişafı müşahidə edilir. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Azərbaycanla Albaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır.

Azərbaycan və Albaniya arasında həyata keçən mühüm layihələrdən biri də TAP layihəsidir ki, bu, həm Azərbaycan-Albaniya hökumətləri, həm regiondakı digər ölkələr arasında gerçəkləşdirilən böyük əhəmiyyət kəsb edən layihədir. Azərbaycan investorları gələcəkdə Albaniyada investisiya qoymaqda maraqlıdır. İqtisadi əməkdaşlıq, eləcə də mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox böyük imkanlar var. Azərbaycanın milli maraqlar üzərində qurulan siyasətində enerji amili xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir.

Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmış və həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Bu əsasda Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Prezident cənab İlham Əliyev bildirdi ki, Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb və Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub.

İndiyədək Albaniya prezidentləri ölkəmizə 5 dəfə işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Albaniyanın Baş naziri Edi Rama 14 aprel 2022-ci il tarixində ölkəmizə rəsmi səfərə gəlib. Edi Rama səfər zamanı Bakıda bildirib ki, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək. Baş nazir, həmçinin deyib: “Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyaya dövlət səfəri də bu münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. Rəsmi görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatla çıxışında Albaniya dövlətinin xarici siyasətini haqq-ədalət baxımından davam etdiyini diqqətə çatdıraraq dedi: “ Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk” . Bu, təkcə minnətdarlıq deyil, bəşərilik naminə qalib dövlətin başçısının dünyaya mesajıdır...

Cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən söz açaraq bu ədalətli müharibədə Azərbaycanın güclü dövlət və Şanlı Azərbaycan Ordusunun güclü ordu olduğunu xatırladaraq dedi: “Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır”. Müzəffər Ali Baş Komandanın bu fikirləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarda başlatdığı və uğurla davam etdirdiyi yenidənqurma abadlıq işlərinin də, 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə qədər qürurla anılacağının zəmanətidir.

ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı