"İsraillə Azərbaycanın münasibətlərini daha da dərinləşdirmək lazımdır" - POLİTOLOQ ŞƏRH ETDİ

24 Noyabr 2022 16:06 (UTC+04:00)

"Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini tanıyan dövlətlərdən biri də İsrail idi. Ötən 30 il ərzində Azərbaycanla İsrail arasında əlaqələr kifayət qədər inkişaf etmişdir. O cümlədən ticarət, turizm, hərbi, diplomatik, səhiyyə, təhsil sahələri üzrə əlaqələr xeyli inkişaf etmişdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, bu münasibətlər iki dövlət arasında yanlız ikili çərçivədə deyil, həm də beynəlxalq platformalar səviyyəsində iki dövlət daim bir-birini müdafiə etmişdir: "Bu da münasibətlərin daha da sıxlaşmasına səbəb olur. Bunun bariz nümunələrindən biri də II Qarabağ müharibəsidir ki, bu zaman Azərbaycanın haqlı mübarizəsi zamanı bir çox dövlətlər Ermənistanın yanında olmağa qərar vermişdir. Lakin İsrail bizim yanımızda olan dövlətlərdən biri oldu. Bu həm diplomatik dəstək baxımından özünü göstərdi, həm də İsrail diasporası bu mübarizədə Azərbaycana yardım etdi. Həmçinin Azərbaycanın İsraildən aldığı hərbi silah-sursatların da bu müharibədə böyük qatqıları olub. Bu baxımdan İsraillə Azərbaycan arasında kifayət qədər müsbət tendensiya mövcuddur.

Azərbaycan 2020-ci ildə II Qarabağ müharibəsindən qələbə ilə ayrıldıqdan sonra bir sıra dövlətlər, eləcə də İran Azərbaycana qarşı kifayət qədər aqressiv siyasət yürütməyə başladılar. Bunun da səbəbini guya Azərbaycanın İsraillə yaxınlıq etməsinin İran-Azərbaycan münasibətlərinə ciddi ziyan vurması ilə əlaqələndirirlər. Ona görə də İran dövləti bu aqressiyanı bizə çatdırmaq üçün Arazboyu ərazilərdə hərbi təlimlər keçirirdi. Həmçinin Qafan şəhərində konsulluq açdılar. Amma onlar nəzərə almadılar ki, İsrail dövləti 30 il ərzində Azərbaycanda öz səfirliyini açsa da Azərbaycan balanslı siyasət yürüdərək qonşularını, müsəlman dövlətlərini, eləcə də İranı incitməmək üçün öz səfirliyini İsraildə açmamışdı. Amma İranın Azərbaycana olan bu cür davranışları vadar etdi ki, Azərbaycan İsraildə öz səfirliyini yaratsın. Rəsmi Bakının atdığı bu addım tamamilə doğru və yerində bir addımdır. Çünki İsrail dövləti həm də dünyada söz sahibi olan dövlətlərdəndir. Düşünürəm ki, İsraillə Azərbaycanın münasibətlərini daha da dərinləşdirmək lazımdır. Çünki region çalxalanır, regionda hər an xoşagəlməz hadisələrin şahidi ola bilərik. Ona görə də Azərbaycan özünün daha təhlükəsiz olması üçün İsrail və onun kimi güclü dövlətlərlə siyasi, diplomatik, hərbi, iqtisadi əməkdaşlıqlarını gücləndirməlidir".