Əsgər anaları Putinlə görüşmək istəyirlər

24 Noyabr 2022 16:43 (UTC+04:00)

Hər şeydən əvvəl xatırladaq ki, səfərbərlik elan ediləndən sonra rusların təlimsiz və texnikasız Ukraynaya – ön cəbhə xəttinə göndərilməsi ilə bağlı xəbərlər geniş yayılıb. Qeyd edək ki, bu məsələ ilə bağlı səfərbər olunanların yaxınları da şikayətçidirlər.

Xatırladaq ki, sentyabrın sonunda Rusiyada “Ümumrusiya analar və arvadlar şurası” adlı bir təşkilat yaradılıb. Hərəkatın əsas tələbi çağırışçıların döyüş bölgəsinə, səfərbər olanları isə cəbhə xəttinə göndərməməsidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu həftə hərəkat üzvləri Vladimir Putinlə görüş tələb ediblər. Hətta deyililərə görə, Kreml də bu görüşə razılıq verib. Amma nə “Analar və arvadlar şurası”, nə də uzun müddətdir çağırışçılara dəstək olan “Əsgər anaları komitəsi” bu görüşün vaxt və vədəsi ilə bağlı heç bir məlumat almayıblar.

Maraqlıdır ki, şura üzvləri “saxta”, yəni öyrədilmiş “analar”ın Putinlə görüşə göndəriləcəyini və prezidentə onu “narahat edəcək” suallar verməyəcəyindən ehtiyatlanırlar.

Bu arada Kubandan səfərbər edilərək ön cəbhəyə göndərilər 80-ə yaxın əsgər anaları Moskvaya gəliblər.

Qeyd edək ki, onlar hələ də Putinlə görüşməkdə israrlıdırlar və buna çalışacaqlarını da gizlətmirlər.

Bəzi mənbələrdən əldə edilən məlumata görə, bazar günü onlar Qızıl Meydanda mitinq də keçirmək niyyətindədirlər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Voronejdəki iki təlim mərkəzindən Luqansk vilayətinə göndərilmiş rusların arvad və anaları onları geri qaytarmaq üçün Ukrayna ilə sərhədə getməyə cəhd etmişdilər.

Voronejli analardan biri səfərbər olunanların 150 nəfər üçün cəmi bir mobil telefonu olduğunu və hər kəsə bu telefonla qohumları ilə danışmaq üçün cəmi bir dəqiqə yarım vaxt verildiyini deyib.

Onun sözlərinə görə, ötən günlərin birində oğlu ilə danışarkən, oğlu ona ön cəbhə boyu səpələndiklərini, hazırda hansısa kənddə gizləndiklərini və oradan çıxa bilmədiklərini deyib. Voronejli ananın dediyinə görə, alayarımçıq təlimdən sonra ön cəbhəyə göndərilənləri keçid məntəqələrinə yaxın belə buraxmırlar. Əks halda isə onları güllələyəcəkləri ilə hədələyirlər.

Ağasəf Babayev