Qısa zamanda Laçına böyük qayıdışın şahidi olacağıq

24 Noyabr 2022 15:41 (UTC+04:00)

Azərbaycanın Rəşadətli Ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla erməni faşist və terrorçularını Qarabağ torpağından qovaraq çıxardı və torpaqlarımızı işğaldan azad etdi. Döyüş meydanında əldə etdiyimiz uğurlar bizim siyasi uğurlarımız üçün zəmin yaratdı. Üçtərəfli bəyanatla əldə edilmiş razılığa əsasən bizim digər 3 rayonumuz Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan Azərbaycana təhvil verildi. Sonuncu olaraq dekabrın 1-də Laçın işğaldan tam olaraq azad edildi. Bununla da bu proses yekunlaşdı. İki il qısa zaman kəsiyi olmasına baxmayaraq cənab Prezidentin tapşırıqlarına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində quruculuq-abadlıq işləri sürətlə davam etdirilməkdədir. Bu müddət ərzində işğaldan azad olunmuş ərazilərin kommunikasiya sistemi - elektriklə təchizatı məsələsi öz həllini tapıb. Burada yarımstansiyalar, SES-lər bərpa olunub və ya yeniləri qurulub. Yol infrastrukturu yenidən və sıfırdan qurularaq təmir-bərpa işləri həyata keçirilir. Ən sevindirici hal ondan ibarətdir ki, Zəfər yolu artıq istifadəyə verilib. Bununla yanaşı dəmir yolları yenidən qurulur, tunellər çəkilir. Mürəkkəb relyef olmasına baxmayaraq bu işlər peşəkarlıqla həyata keçirilir. Laçın çox böyük strateji əhəmiyyətə malik bir rayondur və bu rayon ərazisində böyük meşələr yerləşir. Buranın kənd təsərrüfatı potensialı yüksəkdir və həmçinin, burada turizm potensialı işlənməklə gələcəkdə Azərbaycana çox böyük gəlir gətirə biləcək sahədir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişi ilə işğaldan azad edilmiş rayonlarda 3 beynəlxalq havan limanı tikilməsi nəzərdə tutulurdu ki, artıq bunlardan ikisi olan Füzuli və Zəngilan rayonlarında Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. Prezidentimizin Laçına səfəri zamanı da burada tikiləcək hava limanının təməli qoyulub. Laçına yeni yolların çəkilməsi, buranın mövcud potensialının işlənərək öyrənilməsi və ən qısa zamanda keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılması üçün dövlətimiz tərəfindən xüsusi proqramlar həyata keçirilməkdədir. Beləliklə, vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri