"İranın Azərbaycana qarşı ikiüzlü yox, minüzlü siyasəti var" - TÜRK SİYASİ EKSPERT AÇIQLADI

24 Noyabr 2022 15:26 (UTC+04:00)

"İranın Azərbaycana qarşı ikiüzlü yox, minüzlü siyasəti var. İran Azərbaycana düşmən münasibəti bəsləyir. Bunun da bir sıra səbəbləri var ki, onlar İranla Ermənistanı biri-biri ilə bağlayır". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli siyasi ekspert Kərim Askeri deyib.

Onun sözlərinə görə, Ermənistanın dünyada güclü bir diasporası var və İran bu diasporadan öz lehinə istifadə edir: "Bu çox önəmli bir faktordur. İranın quru sərhədlərində yeganə müsəlman olmayan ölkə Ermənistandır. Ermənistan 30 ilə yaxın müsəlman xalqı olan Azərbaycan torpaqlarını işğal etmişdi.

İran konstitusiyasına baxdığımız zaman normalda İran Azərbaycanın yanında yer almalıdır. Amma İran həm birinci, həm də ikinci Qarabağ müharibəsində Ermənistanın yanında yer aldı".

Kərim Askeri sözlərinə belə davam edib: “Ermənistanın da İrana ehtiyacı var. Ermənistanın bir tərəfdən Türkiyə ilə sərhədləri bağlıdır, Azərbaycan torpaqlarını işğal edib və Gürcüstanla da yaxşı münasibətləri yoxdur. Ermənistanın İranla çox kiçik quru sərhədi var. Buna görə də Ermənistan İranla əlaqələrini yaxşı tutmağa məcburdur.

Bir neçə gün əvvəl BMT İnsan Haqları Şurasında İrandakı İnsan Haqları ilə bağlı səsvermə oldu. Burada gördük ki, Ermənistan İranın lehinə səs verdi. Bu da önəmli faktorlardan biridir.

Bildiyimiz kimi, ən çox azərbaycanlılar İrandadır. Bu da böyük bir səbəbdir. Azərbaycana olan düşmənçilik İranla Ermənistanı biri-birinə yaxınlaşdırır.

Digər ən önəmli səbəb isə dünyada çoxsaylı Azərbaycanlıların olduğudur. Bu azərbaycanlıların böyük əksəriyyəti də İrandadır.

Səmərqənd iclasında cənab İlham Əliyev İran və Cənubi Azərbaycan adı çəkmədən, Azərbaycan torpaqları xaricində 40 milyon azərbaycanlı olduğunu vurğuladı. Bu çox vacib bir məqamdır. Cənab İlham Əliyevin bu məsələni uzun illərdən sonra dilə gətirməsi əslində İranla Azərbaycan arasında olan ən önəmli faktoru açıq şəkildə üzə çıxardı. Çünki SSR dağıldıqdan sonra Cənubi Azərbaycanda çoxsaylı azərbaycanlı var idi. Bu gün də ən azı 30 milyon Cənubi Azərbaycanlı var. Bu Şimali Azərbaycanın üç qatına yaxındır.

Şimali Azərbaycanın inkişafı da Cənubi Azərbaycana təsir edir. İran da bunu görür. İran bu məsələni öz lehinə istifadə edə bilər. Amma, İranın hər zaman Cənubi Azərbaycan müstəqil olacaq qorxusu onu Azərbaycana qarşı düşmən siyasətinə aparır. Bu da önəmli faktordur”.

Ayşən Vəli