“Sümük iliyi kisti nədir”

23 Noyabr 2022 11:36 (UTC+04:00)

Sümük iliyi kisti - sümüklərdə latent və bəzən tədricən böyümə xarakterli içərisi maye ilə dolu törəmənin-kistanın əmələ gəlməsi deməkdir. SİA xəbər verir ki, bu xəstəliyə uşaqlıq və yeniyetməlik dövründə daha çox oğlan uşaqlarında rast gəlinir. Kistlərin əmələ gəlmə səbəbi tam öyrənilməsə də, sümüyün sürətlə böyüyən uc-metafiz nahiyəsində venoz tıxanıqlığa görə meydana gəldiyi düşünülür.

Kistlər xoşxassəlidir - aktiv, passiv xarakterli ola bilir. Passiv kistlər müdaxilə tələb etmir, ölçüləri kiçikdirsə və heç bir narahatlıq yaratmırsa, müntəzəm olaraq izlənilir. Bu kistlər adətən kliniki əlamətlər vermədiyi üçün təsadüfən müayinələr zamanı (Rt, MRT, CT) aşkarlanır. Aktiv kistlər tədricən, bəzən sürətlə böyüyərək sümüyün böyük bir hissəsini zədələyə bilir. Xüsusilə kist aqressiv xarakterli olduqda, sümüyün tamlığına və funksiyasına təsir edərsə, müdaxilə tələb oluna bilər.

Mümkün sınığın qarşısını almaq üçün kist boşaltılmalı və greftlə (auto, allo) doldurulmalıdır. Bu əməliyyat zamanı dayaq hərəkət sisteminin başqa bir sümüyündən (daha çox çanaq sümükləri) sümük toxuması çıxarılaraq kistik boşluq doldurulur və yaxud süni sümük kütləsi ilə, həmçinin meyiddən alınmış xüsusi hazırlanmış sümük greftləri ilə cərrahi yolla doldurula bilər. Bu tip əməliyyatlar Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsində tərəfimizdən müvəffəqiyyətlə icra olunur.