Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib

22 Noyabr 2022 16:48 (UTC+04:00)

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.