“Son zamanlarda yol qəzalarının sayında dəhşətli şəkildə artım müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat-eksperti Elməddin Muradlı bildirib.

Nəqliyyat-eksperti qeyd edib ki, xüsusilə də bu artım piyada vurmaları ilə bağlıdır: “Təbii ki, bu bizi narahat edən hallardan biridir. Gündəlik olaraq baş verən yol qəzalarında 3-5 nəfərdən iki nəfər ölürsə onun yarısı piyadalardır. Daxili İşlər Nazirliyinin bugünkü statistikasına baxmışam. Bu son 3 gün ərzində baş verən yol qəzaları ilə bağlıdır. Statistikaya görə, 10 nəfər yol qəzası nəticəsində həyatını itirib bunların 7-8 nəfəri isə piyada vurmaları nəticəsində baş verib.
Düşünürəm ki, piyadalarla bağlı məsələ ciddi şəkildə nəzərdə saxlanılmalı, eyni zamanda təbliğat işləri görülməlidir. Həmçinin piyadalarla bağlı ciddi qaydalar tətbiq olunmalıdır”.