Rusiyalı ekspert: “Zəngəzur dəhlizi açılarsa, İran tranzit ərazi kimi əhəmiyyətini itirəcək” - MÜSAHİBƏ

21 Noyabr 2022 14:21 (UTC+04:00)

Lana Rəvandi-Fədai: Tehran Bakının siyasətini həddindən artıq Türkiyəyönlü və İsrailyönlü hesab edir və bundan narahatdır

Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravandi-Fadai “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda gedən proseslər və baş verən hadisələrlə bağlı maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Xüsusilə? 2020-ci ildəki İkinci Qarabağ Müharibəsindən sonra Bakı ilə Tehran arasında münasibətlər gərginləşməkdə davam edir. Sizcə, İranı narahat edən nədir?

- İran öz ordusunu regionun ən güclüsü hesab edir və ona görə də qonşu dövlətlərin ordularının güclənməsi onun üçün o qədər də vacib deyil. İranlılar üçün qonşu dövlətlərin yeritdiyi siyasət vektoru daha əhəmiyyətlidir. Azərbaycanın timsalında Tehran Bakının siyasətini həddindən artıq Türkiyəyönlü və İsrailyönlü hesab edir. Həddindən artıq Türkiyəyönlü siyasətdən danışarkən, mən İranın Türkiyəyə də İsrail kimi yanaşdığını nəzərdə tutmuram, sadəcə olaraq, İranın dini hakimiyyət orqanları türklərin təsirindən qorxurlar. Nəzərə almaq lazımdır ki, İranda böyük bir azərbaycanlı konfessiya qrupu yaşayır və hakimiyyət separatizmin böyüməsindən qorxur. Təbii ki, rejimə sadiq olan və onun strukturlarına yaxşı inteqrasiya olunmuş İran azərbaycanlıları, İran siyasətində, iqtisadiyyatında və dini strukturlarında görkəmli mövqeləri tuturlar. Lakin bir çox azərbaycanlılar ölkədə onların dilində məktəb təhsilinin zəif inkişaf etməsindən, kitab və qəzetlərin çox az çap olunmasından narazıdırlar.

Bütövlükdə Azərbaycanla İran arasında münasibətlər rəqabət xarakteri daşıyır. Məsələn, birgə keçirilmiş “Üç qardaş” (Azərbaycan, Türkiyə, Pakistan) hərbi təlimlərinə cavab olaraq İran “Qüdrətli İran” manevrlərini həyata keçirib. Yeri gəlmişkən, ölkənin şimalında keçirilən bu təlimlər zamanı İran ordusunda çoxlu sayda çatışmazlıqlar aşkarlanıb.

- Tehran daim region ölkələrində xarici mövcudluğun əleyhinədir. Eyni zamanda, İran hakimiyyəti Ermənistana avropalı müşahidəçilərin dəvət olunmasından, İrəvanın Qərblə sıx əməkdaşlıq etməsindən narahat olmur. Amma Azərbaycanda Tehranın tələblərindən bəzi kənarlaşmaları həmişə “gözləyirlər” və dərhal aqressiv ritorikaya əl atırlar. Sizcə, bu cür ayrıseçkili yanaşmanın səbəbi nədir?

- Rəsmi İran Ermənistanın Avropa ilə münasibətlərinə tolerant yanaşır, çünki öz maraqlarına avropalılardan ciddi təhlükə görmür. İranlılar daha çox Azərbaycanın müttəfiqi Türkiyə ilə yaxın münasibətindən, eləcə də “sionist rejim” və ya “işğal olunmuş Fələstin” adlandırdıqları İsraillə əlaqələrinin güclənməsindən, prinsip etibarilə İsrailin mövcudluq hüququnu tanınmasından narahatdırlar. Hansısa qonşu ölkə İsraillə dostluq münasibətləri qurarsa, Tehran həmişə həyəcan keçirir. Məhz bu iki məqamda (həm Türkiyə, həm də İsraillə yaxınlaşma) İran rəsmiləri Azərbaycana iddialar irəli sürürlər.

İranın xarici siyasəti ondan ibarətdir ki, İsrail ümumiyyətlə dünyanın siyasi xəritəsində olmamalıdır. Bu ölkə rəsmi Tehran üçün əsas düşməndir. Yəni, düşmən İsrail dövlətidir, yəhudilər deyil, çünki İranda çoxlu yəhudi yaşayır və orada çoxlu sinaqoqlar var- yalnız Tehranda 21, ölkə miqyasında isə 200-ə yaxındır. Amma İrandakı yəhudi icması tədricən əriyir, çünki yaşlı nəsil ölür, gənclər isə xaricə gedir.

İranın aqressiv ritorikasının digər səbəbi ölkədə ən böyük milli azlıq olan İran azərbaycanlılarının mümkün separatizmlə bağlı narahatlığıdır.

- İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ilə bağlı fikirləriniz necədir?

- İran Zəngəzur dəhlizinin Ermənistan üzərindən Avropaya gedən yolunu kəsəcəyindən və Türkiyənin təsirinin artmasına, nəticədə NATO-nun bölgəyə nüfuz etməsinə səbəb olacağından ehtiyatlanır. İranlılar isə bu bloku aqressiv, yırtıcı təşkilat hesab edərək NATO-ya son dərəcə mənfi yanaşırlar. Bundan əlavə, İran Azərbaycanla Naxçıvan arasında tranzit və türkmən qazının İran ərazisindən azərbaycanlı alıcılara mübadilə nəqli üçün ərazi kimi əhəmiyyətini itirə bilər. Tehran ehtiyat edir ki, Azərbaycan və Türkiyə gələcəkdə qaz və neftin vurulması üçün Zəngəzur dəhlizi ilə İran enerji daşıyıcılarının tranzitini azaldacaq boru kəmərləri çəkmək niyyətindədir.

Deməli, İranın qorxularının müəyyən əsasları var. Zəngəzur dəhlizinin gələcək perspektivlərinə gəlincə, Ermənistanın yaxın gələcəkdə güzəştə getməyəcəyini və onun tikintisində iştirak etməyəcəyini proqnozlaşdırmaq olar. Amma Ermənistanın iqtisadi vəziyyəti kəskin pisləşərsə, İrəvanın qərarı dəyişə bilər. Azərbaycan iqtisadi baxımdan onun üçün çox sərfəli olan dəhlizin inşasında israrlı olacaq. Bu, Azərbaycanın ixracını 710 milyon dollar artıracaq, həm də ölkəyə hər il Bakı-Naxçıvan aviareyslərinin ödənilməsinə sərf olunan 10 milyon dollara qənaət edəcək.

- Bakı və Tehranla bu və ya digər şəkildə bağlı hadisələrin gələcək inkişafını necə görürsünüz? Gərginlik daha çox şeyə, məsələn, hərbi qarşıdurmaya çevrilə bilərmi?

- Hərbi qarşıdurma, ola bilsin ki, gözlənilmir- İran daxili problemlərə həddən artıq qərq olub. Ona görə də İran indi hərbi əməliyyatlara hazır deyil- hakimiyyətin yaxın gələcəkdə əsas səyləri rejimi xilas etməyə yönələcək.

Bununla belə, İran və Azərbaycan qonşudur, regionda mühüm rol oynayan ölkələrdir. Və heç kim münaqişə istəmir. Düşünürəm ki, onlar fikir ayrılıqlarını aradan qaldırmaq üçün ümumi dil tapacaqlar, xüsusən də iqtisadi əməkdaşlıq baxımından əlaqələr yalnız inkişaf edir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” çərçivəsində hazırlanıb.