Ölkəmizin qazandığı bütün uğurlar YAP-ın fəaliyyəti ilə bağlıdır - DEPUTAT DANIŞDI

21 Noyabr 2022 11:02 (UTC+04:00)

”Yaradıcısı Ümummilli Lider olan və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının dövlət və xalq qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini getdikcə daha da möhkəmləndirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi bütün nailiyyətlər,Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, ölkəmizin dünya siyasi arenasındakı nüfuzu, hegemon dünya dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətləri, diplomatik qələbələr və ölkəmizdəki dinamik inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, vaxtında verdiyi düzgün qərarlar, dövlət başçımızın formalaşdırdığı uğurlu strategiya dayanır:

“Ölkəmizin qazandığı bütün bu uğurlar cənab Prezidentin 19 ildir ki, rəhbərlik etdiyi və bu gün 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşən Azərbaycan vətəndaşları atdıqları addımın məsuliyyətini dərk edir, cənab Prezidentin imzası olan üzvlük vəsiqəsini böyük şərəf duyaraq daşıyırlar. Partiya ətrafında birləşən insanlarımız bununla həm də Azərbaycan Prezidentinin yanında olduqlarını, dövlətə və dövlətçiliyə sadiqliyini nümayiş etdirirlər”.