Azərbaycan mediasında spirtli içki mövzusu kitaba toplandı

18 Noyabr 2022 20:29 (UTC+04:00)

Türkiyədə azərbaycanlı teleaparıcı, İstanbul Üniversitetinin aspirantı Səidə Ömərin “Azerbaycan Medyasında Alkol Temsili və Alkölün Topluma Olumsuz Etkisi” (Azərbaycan mediasında spirtli içki mövzusu və alkolun cəmiyyətə mənfi təsiri) kitabı nəşr olunub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Həmmüəllifi olduğu kitabla bağlı S.Ömər bildirir: “Dünyada spirtli içkilərə aludəçilik artmaqda və cəmiyyətdə hələ də problemlər yaratmaqdadır. Mənim bu araşdırmanı aparmaqda və oxuculara təqdim etməkdə məqsədim insanları spirtli içki aludəçiliyindən uzaqlaşdırmaq istəyidir. Xüsusilə, Azərbaycan filmlərindən misalların gətirdildiyi kitabda Türkiyədə və Azərbaycanda yaşayan ziyalıların da fikirləri yer alır. Maraqlıdır ki, Azərbaycan kinosunda spirtli içkilərin təbliğatına yer verilməyib. Əksinə, filmlərimizdə spirli içkilərin istifadəsi ailə içi problemlərə və pis nəticələrə gətirib-çıxarma səbəbi olaraq əks etdirilib”.

Kitabın digər müəllifi olan İstanbul universitetinin professoru Nilufər Pembecioğlu isə texnologiyanın inkişaf etdiyi üçün belə bir dövrdə adamların daha çox rəqəmsal kitab oxuduqlarını nəzərə alaraq “Bu səbəbdən hər kəsin oxuya bilməsi üçün kitab daha çox rəqəmsal yayınlanır” deyib.

“Azerbaycan Medyasında Alkol Temsili və Alkölün Topluma Olumsuz Etkisi” kitabının redaktoru İstanbul Universitetinin professoru Uğur Gündüzdür.