"Erməni yalanları vaxtında ifşa olunmalıdır"

18 Noyabr 2022 16:13 (UTC+04:00)

"Tariximizin çox mühüm mərhələlərindən olan və haqlı olaraq “təslim aktı” adlandırdığımız üçtərəfli bəyanatın imzalanmasından iki il keçdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin dəfələrlə qeyd etdiyi kimi, 9 noyabr 2020-ci il tarixli Bəyanat təkcə atəşkəs sazişi sayıla bilməz: "Çünki həmin sənəddə 3 rayonun təhvil verilməsi, erməni silahlılarının çıxarılması, kommunikasiyaların açılması və s. kimi xeyli mühüm məsələlər də öz əksini tapmışdır.
Bununla belə imzalanan bəyanat sülh sazişi də deyildir. Çünki sənəddə öz əksini tapmayan xeyli sayda məsələ mövcuddur. Məhz bu səbəbdən bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan rəhbərliyi sülh sazişinin imzalanması təklifi ilə çıxış etmiş və bu istiqamətdə ardıcıl işləmək qərarlılığını ortaya qoymuşdur.
Çox təəssüf ki, prezident İlham Əliyevin göstərdiyi konstruktiv yanaşma erməni tərəfinin “səyləri” nəticəsində hələlik istənilən nəticəni verməmişdir. Ancaq bütün maniələrə baxmayaraq bu istiqamətdə ciddi irəliləyişin əldə olunduğunu hamı etiraf edir. Ən əsası Azərbaycan prezidentinin tutduğu qətiyyətli mövqe danışıqlar prosesini əvvəlcə ATƏT-in Minsk qrupunun, sonra isə Rusiyanın inhisarından çıxarmağa imkan verib və bu son illərin ən mühüm hadisələrindən sayılmalıdır. Bu gün ABŞ sülh danışıqlarını təşkil etmək üçün həm təklikdə heç vaxt olmadığı qədər yüksək fəallıq nümayiş etdirir, həm də Avropa İttifaqının apardığı prosesə açıq dəstəyini nümayiş etdirir. Rusiya prezidentinin Valday forumunda və Soçi görüşündə səsləndirdiyi təxribatçı bəyanatlardan sonra “böyük qonşu”muzun “oyundan kənar” vəziyyətdə qalmaq üzrə olduğu göz qabağındadır. Bu şəraitdə yaxın gələcəkdə Vaşinqton və Aİ formatlarının birləşəcəyi və danışıqların Aİ-nin rəhbərlərindən olan Şarl Mişelin vasitəçiliyi altında davam edəcəyi tamamilə realdır. Bəyanatda nəzərdə tutulan bir neçə mühüm müddəa icra olunsa da erməni silahlıları hələ də ərazimizdən çıxarılmayıb. Bu barədə dəfələrlə səsləndirdiyimiz tələblərə cavab olaraq Paşinyan “and-aman” eləyib ki, qonşu dövlətin hərbçiləri imzalanan 9 noyabr sənədinə uyğun olaraq çıxarılıblar və Azərbaycan ərazisində bir nəfər də Ermənistan əsgəri qalmayıb. Bölgədə mövcud olan “Qarabağ ordusu”nun tərksilah olunması barədə isə bəyanatda heç bir tələb yoxdur. Bu iddialar bir daha göstərir ki, ermənilərlə sənəd imzalayarkən son dərəcə diqqətli olmalıyıq, elə etməliyik ki, hər hansı “sərbəst yozuma” meydan verilməsin".

Abutalıb Səmədov qeyd edib ki, köçkünlərin öz yerlərinə qaytarılması barədə bəyanatda yer alan müddəanın icra olunmamasının günahı da biz üzərimizə atılır və ermənilər iddia edirlər ki, bu bənd guya Azərbaycan tərəfinin təqsiri ucbatından icra olunmayıb və guya biz BMT-nin Qaçqınlar üzrə Komissarlığını bölgəyə buraxmırıq: "Bütün bu böhtanlara meydan verməmək, erməni yalanlarının yayılmasının qarşısını almaq üçün diplomatiya idarəmizin daha aktiv siyasət yeritməsinə, erməni yalanlarını vaxtında ifşa etməsinə ciddi ehtiyac var. Soçi görüşü açıq şəkildə göstərdi ki, Rusiya nəyin bahasına olursa-olsun uzun müddət öz əsgərlərini bölgədə saxlamağa çalışır və ermənilər də onun bu istəyinə dəstək verirlər. Ancaq Ukrayna müharibəsi bölgədəki reallıqları ciddi şəkildə dəyişdirib və əvvəlki gücündə olmayan Rusiyanın Azərbaycanın qəti mövqeyinə rəğmən bu istəyini reallaşdırması asan olmayacaq. Ancaq onu da etiraf etməliyik ki, bölgəmizdə yaranmış durum Azərbaycanın daha kəskin addımlar atmasına, hətta bəyanatın qüvvədən düşməsini elan etməsinə imkan verəcək səviyyədə dəyişməyib. Bu səbəbdən çox diqqətli və ehtiyatlı davranmamıza və Rusiyanın bir az da zəifləməsini, Türkiyənin və ABŞ-ın bölgəyə daha çox nüfuz etməsini gözləməyimizə ciddi ehtiyac var".