Yeni müharibənin baş verməməsi, “Yerablur” hərbi məzarlığının paytaxt İrəvanın içinə doğru genişlənməməsi üçün hələ ki, doğru seçim etməyə zaman tanınmaqdadır
Ermənistanın baş naziri Nikol Paşinyanın, eləcə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın, həmçinin hökumət rəsmilərinin son bəyanatları bir reallığı ortaya çıxarır – onlar ölkəni daha ağır və çıxılmaz situasiyalara doğru sürükləyirlər. Daha bir fakt budur ki, Ermənistanın aşkar və gizli havadarlarının da Azərbaycana qarşı müxtəlif səpgilərdə təzyiq cəhdlərini reallaşdırmağa çalışmaları əslində mövcud situasiyanın get-gedə gərginləşməsinə səbəb olmaqdadır. Misal üçün, Rusiyanın “status” məsələsini gündəlikdə saxlama, eləcə də hazırkı vəziyyəti gələcək nəsillərə saxlamaq səyləri, o cümlədən, Paşinyan iqtidarını devirmək üçün Ruben Vardanyan adlı milyarderi Qarabağa göndərməsi, öz siyasi çıxarlarını Azərbaycanın suveren əraziləri vasitəsi ilə həll etmək maraqları, Fransa senatında Azərbaycan əleyhinə qətnamənin qəbulu və həmin qətnamədə bütövlükdə dövlətimizin maraqlarına, ərazi bütövlüyünə qarşı irəli sürülən bəndlər, amerikalı ermənipərəst senator R.Menendez başda olmaqla demokratların yuxarı palata üzərindən ölkəmizə qarşı təzyiq göstərmək cəhdləri və rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi – İranın təhlükəsizliyidir” tipli siyasi gəvəzələmə amilləri bu məcrada ilin sonuna qədər imzalanacağı deyilən zərif sülh perspektivlərini dalana dirəməkdədir.
İlham Əliyev: “Əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik, əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir”
O da əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubeli qəbul edərkən bu kimi həssas məsələlərə öz sərt mövqeyini bildirib və kifayət qədər mühüm bəyanatlarını irəli sürüb. Ölkə rəhbərimiz nümayəndə heyətini qəbul edərkən ABŞ-ın dövlət katibi Enntoni Blinkenlə telefon danışığı apardığını xatırladıb və bildirib ki, onlar (yəni erməni tərəfi-R.R.) bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. SİTAT: “Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.
Məhz bu baxımdan, görüş zamanı diqqət çəkən daha bir məqam budur ki, Ermənistan tərəfi bir tərəfdən ərazi bütövlüyümüzü tanıdıqlarını bəyan edir, digər tərəfdən isə təxribatçı siyasətlərini həyata keçirmək cəhdləri ilə prosesə xələl vururlar, bu vasitə ilə sülhün əldə olunması mümkünlüyünə maneələr yaradırlar. Bu baxımdan da dövlətimizin başçısı qeyd edib ki, bizə, yəni Azərbaycana Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. SİTAT: “Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.
Daha bir məqam isə Vardanyan adlı Kreml layihəsi ilə bağlıdır ki, İlham Əliyev bu barədə də açıq və sərt şəkildə bəyan edib: "Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox".
Rəsmi Bakının qoyduğu bu müddət başa çatmaq üzrədir
Beləliklə, fakt budur ki, ilin sonuna bir aydan az vaxt qalıb və rəsmi Bakının qoyduğu bu müddət başa çatmaq üzrədir. Ermənistan və havadarları həmin məqamı xüsusi ilə diqqətə almalı və Cənubi Qafqaz regionunda yarana biləcək sülhün yenidən müharibə ilə əvəzlənməsinə şərait yaratmamalıdırlar. Belə bir məqamda digər nüanslar da üzə çıxır: Sülh olmayacaqsa müharibə faktoru qabarmağa başlayır.
Rəsmi Bakı ilk növbədə Laçında gömrük yoxlama, yaxud nəzarət buraxılış məntəqəsini yerləşdirə bilər. Bunun üzərindən hələ də Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərini dərhal tərk etməlidirlər. Yaxud, onlara qarşı anti-terror əməliyyatlarının keçirilməsi zərurətə çevriləcək. Hansı ki, Ermənistanın baş naziri Nikol Paşinyan indinin özündə də bəyan edir ki, guya Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus hər hansı bir hərbi birləşmələr mövcud deyil və s. Ancaq anti-terror əməliyyatlarından sonra, yəni erməni zinvorlarının sink tabutlarının haraya aparılacağından məlum olacaq ki, onlar hansı ölkənin terrorçularıdırlar. O cümlədən, həyata keçirilən anti-terror əməliyyatlarının nəticəsində də sübut ediləcək ki, Ermənistan son iki ildə Azərbaycanın ərazilərində işğalçılıq siyasətini davam etdirib. Bunu Prezident İlham Əliyev də bəyan edib ki, hələ də işğal altında qalan ərazilərimiz var. Bu ərazilər yalnız Qarabağa deyil, həm də Qazax rayonunun 7 kəndinə və Naxçıvandakı Kərki kəndinə aiddir.
Ermənistan əvvəl-axır dərk etməlidir ki, Azərbaycanın atdığı addımlar yeni və indikindən də fərqli geosiyasi reallıq yaradacaq, əlbəttə ki, rəsmi Bakının xeyrinə!
Azərbaycanın əlində daha bir rıçaq var – Ermənistandan Qarabağa gedən qanunsuz kommunikasiya xətlərinin fəaliyyətlərinin dayandırılması. Məhz Ermənistanı Qarabağda bütün təsir vasitələrindən məhrum etdikdən sonra (qaz, işıq, internet) Bakı və İrəvan ikitərəfli əsasda və ya istənilən üçüncü tərəfin vasitəçiliyi ilə danışıqları davam etdirə bilərlər. Bununla belə, Ermənistan əvvəl-axır dərk etməlidir ki, Azərbaycanın atdığı addımlar yeni və indikindən də fərqli geosiyasi reallıq yaradacaq, əlbəttə ki, rəsmi Bakının xeyrinə! Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müsahibəsində bildirdiyi kimi. SİTAT: “Bizim xoşniyyətli davranışımız əbədi olmayacaq və verdiyimiz təkliflər əbədi masa üzərində qalmayacaqdır”.
Təbii ki, Azərbaycanın da öz növbəsində digər tələbləri qüvvədə qalmaqdadır. Məsələn, Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal altında saxladığını etiraf etməsi Bakının İrəvandan haqlı olaraq kompensasiya tələb etməsi ilə nəticələnəcək. Ermənistan ya tələb edilən müəyyən olunmuş miqdarı Azərbaycana təhvil verməli, yaxud bunu əraziləri vasitəsi ilə kompensasiya etməlidir. Yəni mümkün ehtimallar belədir - yeni tələblər kompensasiya, işğal faktının etiraf edilməsi və Ermənistana mümkün ərazi iddiaları ola bilər.
Beləliklə, seçim Ermənistanındır və həmin seçimin edilməsinə çox az vaxt qalıb. Yeni müharibənin baş verməməsi, “Yerablur” hərbi məzarlığının paytaxt İrəvanın içinə doğru genişlənməməsi üçün hələ ki, doğru seçim etməyə zaman tanınmaqdadır. Ancaq verilən zaman da sürətlə ötüb-keçir və Ermənistanın rəhbərliyi bu reallığı da əvvəl-axır dərk etmək məcburiyyətindədir.
Rövşən RƏSULOV