Fransa və İranın Azərbaycana qarşı ikili standartlarla yanaşmasının səbəbi nədir? - DEPUTAT ŞƏRH ETDİ

17 Noyabr 2022 22:49 (UTC+04:00)

“Fransa və İran kimi xırda maraqlara xidmət edən ölkələrin ən sərt addımları qüdrətimiz qarşısında uğursuzdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqq davasına dünyanın ikili standartlarla yanaşması dəfələrlə müşahidə olunub: “Qarabağın işğalda olduğu 30 il ərzində işğalçı Ermənistanı himayə edən güclər Azərbaycanın Zəfər savaşında ərazi bütövlüyünü reallaşdırmasını heç cür həzm edə bilmirlər. Qəsbkarın kapitulyasiya sənədində götürdüyü öhdəlikləri yerinə yetirməməsinin və regionda daimi sabitliyin bərqərar olmamasının da başlıca səbəbi məhz himayəçi qüvvələrin bu kimi fəaliyyətidir. Erməni tör-töküntülərin əsirinə çevrilmiş Fransa hakimiyyətinin ölkəmizə qarşı münasibəti başa düşüləndir, yeni yanaşma deyil. Qarabağ probleminin vaxtilə sülh yolu ilə həllinə ATƏT-dən mandat almış Fransanın qərəzli münasibətini zamanla hiss etmişik.

Fransanın ötən illər ərzində Azərbaycana qarşı göstərdiyi yanlış mövqe Vətən müharibəsində qazanılan qələbədən sonra xüsusilə aqressivləşib. Əsrlər boyu ermənilərdən öz məqsədləri üçün istifadə edib onlara ayı xidməti göstərən imperialist qüvvələr “Dəmir yumruq” altında əzilən işğalçıya indi müxtəlif üsullarla təsəlli verirlər.

Qondarma soyqırım abidəsi qarşısında süni göz yaşlarının tökülməsi, bütün beynəlxalq qanunlara, insani qaydalara zidd olaraq Azərbaycanı təcavüzkar adlandırmaq və bu kimi əməllər də eyni niyyətə bağlıdır”.

Deputat Rəşad Mahmudov sözlərinə əlavə edərək qeyd edib ki, Fransa Senatında qəbul edilən son qətnamə isə özünü Avropa mədəniyyətindən sayan bir dövlət üçün əsl rüsvayçılıq idi: “Bununla Fransa özünün tarixdən gələn işğalçılıq və soyqırım mahiyyətinə sadiq qaldığını bir daha sübut etmiş oldu. XX əsrin ortalarında belə əsarəti altında olan torpaqlarda minlərlə insanı qətlə yetirən bir dövlətin Xocalı soyqırımına imza atan faşist erməniləri müdafiə etməsi tam qanunauyğundur. Qəbul edilən qətnamə siyasi fiaskosu ilə də seçilir. Belə ki, sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Bu qətnaməni qəbul edənlərin erməni sevgisi gözlərini elə örtüb ki, Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynadığını nəzərə almayıblar.

Azərbaycan erməni diasporunun puluna əsir düşən fransalı deputatların cəfəng qətnamələri qarşısında nəinki güzəşt etməyəcək, hətta öz haqqını qorumaq üçün əks cavab vermək gücündədir. Əslində, erməni tör-töküntülərin əsirinə çevrilmiş antiislam siyasətini hətta sadə fransız ailələrinə kimi gətirən Fransa hakimiyyətinin ölkəmizə qarşı münasibəti başa düşüləndir”.

Deputat bildirib ki, başa düşülməyən İran adlı dövlətin ölkəmizə qarşı yürütdüyü və heç vaxt səmimi olmayan münasibətidir: “Uğursuz siyasəti ilə qlobal arenada küncə sıxışdırılan, beyəlxalq aləmdən təcrid dövrünü yaşayan İran İslam Respublikası ölkəmizi hədəf götürməsi, zaman-zaman Ermənistana dəstək verməsi hansı əxlaqa sığır? İslam əxlaqınamı, təbii ki yox!

Şübhəsiz ki, şanlı zəfərimiz və qüdrətli olmağımız İrana sərf etmir. Gecə-gündüz əlindəki resurslarla ölkəmizə qarşı ideoloji, pozucu fəaliyyət aparan, 40 milyon soydaşımızı ana dilində təhsilalma hüququndan məhrum edərək onları fiziki, mənəvi repressiyaya məruz qoyan İrana baylandıqca sadəcə ürək bulanır. İşğal dövründə məscidlərimizi yerlə yeksan edən, müqəddəs İslam dininə qarşı təhqiri özünün dövlət siyasətinin elementi seçmiş Ermənistana İran sevgisi İslam təəssübüdürmü? Yaxın Şərqdə müsəlmanlar öldürülür deyərək, aləmə hay-həşir salan İran nədənsə, burnunun ucunda dini, məzhəbi eyni olan azərbaycanlıların xüsusi amansızlıqla ermənilər tərəfindən öldürlməsinə, uşaqların barbarcasına borulara salıb yandırılmasına səssiz qalır”.

Sonda Rəşad Mahmudov qeyd edib ki, məşhur fikir dahisinin “qüsurlu olan İslam deyil, müsəlmanlardır” fikrini bütövlükdə İranın siyasi rejiminə şamil etsək, daha doğru olar: “Azərbaycanı mənasız bəyanatlar, qətnamələrlə qorxutmaq olmaz, bunu hamı bilməlidir. Unutmayın ki, iki il öncə savaş meydanında öz qüdrətini göstərən Azərbaycan indi həm diplomatik cəbhədə, həm də iqtisadi sahədə beynəlxalq müstəvidə söz sahibidir.

Azərbaycan Prezidentinin yürütdüyü siyasət sayəsində dövlətimiz elə güclü bir mövqedədir ki, Fransa və İran kimi xırda maraqlara xidmət edən ölkələrin ən sərt addımları belə uğursuz və rüsvayçı cəhd kimi tarixdə qalacaq”.