Qadınlar özləri üçün doğru kişini axtardıqları kimi, kişilərin də qadınlarda axtardığı bəzi xüsusiyyətlər var. Bu xüsusiyyətlər bir araya gəldikdə, kişilərin xəyalındakı qadın obrazı ortaya çıxır. Bəs kişilər hansı qadınlardan xoşlanır? Kişilərin üstünlük verdiyi qadın tipi varmı? SİA mövzu ilə bağlı araşdırma edib.
Kişilər iç dünyalarını paylaşa bildikləri, özlərini yanında rahat hiss etdikləri, övladlarına ana ola biləcək, enerjiləri az olanda onlara güc verən, onları kişi kimi hiss etdirəcək qadınları sevirlər.
Xarakter
Hamıya məlumdur ki, kişilərin əksəriyyəti bir qadında ən çox gözəlliyə önəm verir. Lakin qadını daha da gözəlləşdirən və kişiyə bağlayan onun xarakteridir. Kişilər qadının rəfiqələrilə olduğu qədər onunla da səmimi olmağını və gülməyini gözləyir. Bir sözlə, səmimi olub xarakterinizi ortaya qoyanda kişilər belə aydın xarakter qarşısında heyranlıqlarını gizlədə bilmirlər.
Hörmət
Münasibətdə hörmət çox vacibdir. Bu, kişilər kimi qadınlar üçün də əvəzedilməz elementdir. Özünüzü necə ifadə etdiyiniz və başqaları ilə necə ünsiyyət qurmağınız sizin haqqınızda çox şey deyir.
Kişilər münasibətlərində əks cinsdən hörmət gözlədiyi halda, şəxsi sərhədlərinin də qorunub hörmət edilməsini istəyirlər. Yəni kişi münasibətdə olduğu üçün fərdi olaraq vaxt keçirdiyi hobbilərindən, maraqlarından, dostlarından imtina etmək istəmir. Buna hörmət etməyən, kişini şəxsi məkanından kənar saxlayan qadın zamanla kişinin hörmətini itirir.
Sevgi
Hər kəs sevildiyini hiss etmək istəyir. Onunla maraqlandığınızı göstərin. Kişilər də qadınlar kimi diqqət və sevgi gözləyirlər. Münasibət boyu sevildiyini hiss edən kişi bu münasibətdə qalmaq üçün əlindən gələni edəcək.
Zəka
Kişilər dünyaya fərqli baxış bucağı ilə baxan ağıllı qadınları sevirlər. Bir qadının cazibədar olmaq üçün ən yaxşı məktəbləri bitirməsi lazım deyil. Həyatı sorğulayan, araşdırmağa maraq göstərən və zəkalı qadınlar kişilərin xəyal etdiyi qadın tiplərindən birinə çevrilməyi bacarır.
Özgüvən
Həyat kifayət qədər çətindir. Müsbətlərlə yanaşı, neqativ hallarla da rastlaşırıq. Belə anlarda kişilər özlərinə güvənən qadınları yanlarında görmək istəyirlər.
İstək
Kişilər münasibətdə olduqları qadının istəkli olduğunu görmək, onları hər cəhətdən dəstəkləyən, edəcəkləri işdə həvəsli və yanlarında olmaqdan həyəcanlanan qadınları istəyir. Vəziyyət çətinləşəndə və həyat pis istiqamətə dönəndə onların yanında ola bilən və asanlıqla təslim olmayan qadınlar kişilər üçün "doğru qadın" olurlar.
Təvazökarlıq
Təvazökar qadınlar enerjilərini xaricə yönəltməyi yaxşı bacarırlar. Kişilərin axtardığı da məhz budur.
Bəs, kişilər hansı qadınlardan qaçır?
Həddindən artıq makiyaj və açıq paltarlar geyinmək
Makiyaj gözəldir, amma həddi aşmamaq şərti ilə. Hər yerin öz geyimi və makiyaj forması var. Xüsusilə ilk görüşlərdə həddindən artıq makiyaj kişilərin beynində sual yarada bilər. Onlar düşünə bilər ki, siz öz təbii halınıza güvənmirsiniz. Buna görə də makiyajınızı sadə edin.
Açıq geyimlərə gəldikdə isə, kişilər gözəl görünməyinizi istəsələr də, hamının gözünün üzərinizdə olmasını sevmirlər. Heç olmasa, qarşınızdakı kişini tam tanıyana qədər bu geyimlərdən bir az uzaq durun.
Dırnaq uzadılması
Kişilər baxımlı qadınları çox sevir. Lakin bəzi qadınların baxımlı olmaq dedikdə ağıllarına ilk uzun dırnaqlar gəlir. Bunu sevənlərlə yanaşı, ondan iyrənən kişilər də var. Bu səbəbdən xüsusilə dırnaqlara qarşı həssas olmanızı tövsiyə edirik.
Qısqanmaq
Bəzi kişilər qısqanılmağı xoşlasalar da, həddi aşsanız, vəziyyət gərginləşəcək. Qısqanc olsanız belə, bunu ona çox göstərməyin.
Daim pəhriz haqqında danışmaq
Fit olmaq, əlbəttə ki, yaxşıdır. Ancaq pəhriz haqqında söhbətlər, xüsusən də ilk görüşlərdə bu barədə danışmaq yaxşı deyil. Bu zaman kişilər özünüzü bəyənmədiyinizi və daim axtarışda olduğunuzu düşünə bilərlər.
Şikayət etmək
Şikayət etmək kişinin sizdən anında uzaqlaşmasına səbəb olacaq davranışlardan biridir. Düzdür, narazı olduğunuz məqam ola bilər. Amma bunu mübahisəli şəkildə şikayət edərək həll etmək yerinə, qarşılıqlı müzakirə ilə ortaq nöqtəyə gələ bilərsiniz.
Söyüşlü kobud danışmaq
Qadınlar kişilər üçün nəzakətin nümayəndələridir. Hər kişi jarqon və kobud danışan qadını bəyənmir.
Alış-veriş
Hər bir qadın alış-veriş etməyi sevir və saatlarla alış-veriş edə bilir. Amma bu kişilər üçün işgəncədir.
Çox sual vermək
Təbii ki, sevdiyiniz kişi üçün narahat olmadığınız normal haldır. Ancaq çox sual verməklə onu incitməyin. Kişilər hər şeylə maraqlanan qadınları sevmirlər.
Ayşən Vəli