Rusiya və Ukrayna müharibəsində son vəziyyəti POLİTOLOQ ŞƏRH ETDİ

16 Noyabr 2022 16:44 (UTC+04:00)

"Rusiya-Ukrayna müharibəsinin başlanmasından artıq 8 ay keçir. Bu vaxt ərzində Rusiya işğal etdiyi ərazilərdən biri olan Xersonu artıq tərk edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya hərbi qüvvələrini Dnepr çayının sağ sahilinə çəkib: "Digər tərəfdəndə nəzərə alaq ki, Xerson strateji baxımdan həm Rusiya, həm də Ukrayna üçün əhəmiyyətlidir. Buradan hücumların davam etdirilməsi və işğaldan azad edilmə prosesi daha asan ola bilər. Rusiya qanunsuz şəkildə işğal etdiyi ərazilərdən tərk etməli olacaq, əks halda isə bu işğaldan azadetmə prosesini Ukraynanın özü həyata keçirəcək. Rusiya bir müddət öncə Xerson da daxil olmaqla Ukraynanın dörd bölgəsini özünə birləşdirmişdi. Rusiyanın geri addım atması ondan xəbər verir ki, daxili gərginliklə yanaşı, orduda da zəifləmə hiss edilir".

Samir Hümbətov sözlərinə əlavə edərək bildirib ki, Rusiyanın bir ay öncə səfərbərlik elan etməsinin də ciddi nəticəsi olmadı: "Rusiyada vətəndaşlığı olmayan şəxslərin də orduya cəlb edilməsi ilə bağlı qanun qəbul edildi. Bütün bunlar ondan xəbər verir ki, Rusiya daxilində vəziyyət gərgindir. Xerson azad edildikdən sonra Ukrayna prezidenti Zelenskinin Xersona səfəri oldu. Bu zaman açıqlama verdi ki, Rusiya ilə sülhə hazırdır, lakin bir şərtlə ki, Rusiya Krımda daxil olmaqla Ukrayna ərazilərini tərk edəcək. Dünən Rusiya raket zərbəsi ilə həm Kiyevi, həm Polşanı vurdu. Polşanın vurulması ciddi müzakirə və reaksiyaya səbəb oldu. Çünki, Polşa NATO-nun üzvüdür və ABŞ hərbi bazaları Polşada yerləşir. Bu isə Rusiyaya qarşı əlavə sanksiyalara səbəb olmaqla yanaşı araşdırma aparıldıqdan sonra Rusiyanın raket zərbəsi təsdiqini taparsa Rusiya və NATO arasında savaşa səbəb olacaqdır".