Dünya əhalisinin sayı səkkiz milyard nəfərə çatıb

15 Noyabr 2022 15:54 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Əhali Prospekti hesabatına görə, noyabrın 15-də dünya əhalisinin sayının səkkiz milyardı keçəcəyi bildirilir.

Təbii ki, Birləşmiş Millətlər Təşkilatı bunu elə də bir mühüm hal kimi dəyərləndirmir. Bu da başa düşüləndir. Çünki bu qədər insanı yedirmək, içirmək, geyindirmək elə də asan məsələ deyil.

Qeyd edək ki, SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı dünya əhalisinin artımı tibbin inkişaf, kanalizasiya sahəsindəki irəliləyişlər, içməli suya çıxış imkanlarının artması və peyvəndin geniş əhatə dairəsi ilə əlaqələndirir.

Yeri gəlmişkən onu da qeyd edək ki, son 200 ildə dünya əhalisi 8 dəfə artıb. Əgər 1900-cü illərin əvvəllərində planetdə cəmi bir milyard yarım insan var idisə, 2000-ci illərin əvvəllərində artıq bu say altı milyard, 2011-ci ildə isə yeddi milyarda qədər artıb. Son 11 ildə bu, daha bir milyard nəfər çoxalıb.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünya əhalisi 2037-ci ildə doqquz milyarda, 2058-ci ildə isə 10 milyarda çatacaq. 2080-ci illərdə əhalinin sayı 10,4 milyarda çata bilsə də, amma bəzi iddialara görə, 2100-cü ilə qədər bu səviyyədə də qala bilər.

Qeyd edək ki, bu gün əhalinin əsas hissəsi Çin və Hindistanda yaşayır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünya əhalisinin təxminən 36 faizi, yəni təxminən üç milyard insan bu ölkələrdə məskunlaşıb. Qeyd edək ki, 2023-cü ildə Hindistanın Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacağı proqnozlaşdırılır.

Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı son vaxtlar dünya əhalisinin artım tempinin aşağı düşdüyünə diqqət çəkib. Xüsusilə 60-dan çox ölkənin 2050-ci ilə qədər davamlı olaraq aşağı doğum səviyyəsi və bəzi hallarda yüksək mühacirət səviyyəsi səbəbindən ən azı bir faiz azalacağı proqnozlaşdırılır.

Ağasəf Babayev